Bu gün 10 noyabr 2020-ci il tarixində müharibə bitdi. Nəhayət ki, Qarabağ Azərbaycana qayıtdı və bu 30 illik həsrət sona çatdı. Prezident İlham Əliyev müharibə başlayan gündən etibarən xarici mətbuata verdiyi müsahibələrdə tez-tez deyirdi ki, O xalqımıza Qarabağı qaytaracağını söz verib və bu sözü tutmağın vaxtı gəlib. Prezident bunlarla birgə deyirdi ki, bu neçə illik idarəçiliyinin başlıca məqsədi və siyasəti xalqının bu tələbini gerçəkləşdirməkdir.
Bu sözləri ilk dəfə eşidəndə əvvəlcə düşündüm ki, yəqin İlham Əliyev bu ifadələri ona görə səsləndirir ki, dünya mediası görsün ki, Qarabağ təkcə onun yox, bütün Azərbaycanın başlıca tələbidir və Prezident öz işini yerinə yetirir. Yəni düşünürdüm ki, bu cümlələr zəruri hesab olunmuş siyasi cümlələrdir. Lakin daha sonra bu neçə illər ərzində görülmüş işləri araşdırdıqda başa düşdüm ki, xeyr, bu sözləri demək üçün daha dərin səbəblər var və həqiqətən də Prezident İlham Əliyevin rəhbərliyi dövründə onun əsas siyasəti Qarabağ uğrunda olub və bu siyasət ilə Azərbaycan Respublikası Qarabağın qaytarılması üçün tələb olunanları sanki bir puzzle kimi yığıb.