Rusiya sülhməramlıları barədə
12.11.2020
Müharibənin hərbi mərhələsi bitdi və diplomatiya mərhələsi başladı. Diplomatiya isə emosiyalardan yox, maraqlardan ibarətdir. Ona görədə də məqaləni oxumağa başlamazdan öncə xahiş edirəm emosiyalarınızı kənara qoyasınız və məsələyə bir şahmat oyunu kimi yanaşasınız. Burada isə bir neçə oyunçu var: Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan. Ermənistan isə öz növbəsində Qarabağ klanına və İrəvan klanına bölünür.
Azərbaycan
Əsas maraq Dağlıq Qarabağ ərazisini və onun ətrafındakı 7 rayonu qaytarmaqdır. Azərbaycan hərbi mərhələdə Cəbrayılı, Zəngilanı, Qubadlını və Füzülini azad etdi. Müharibə mərhələsinin sonunda imzalanan bəyanat isə ona Kəlbəcər, Laçın və Ağdamı geri qaytardı. Azərbaycan həmçinin Qarabağın Şuşa şəhərini müharibə ilə əldə etdi və bu şəhər də onda qalır. Bəyanatda Qarabağın statusu barədə ümumiyyətlə heç bir sözün getməməsi isə bu ərazini də Azərbaycanın daxili ərazisi olaraq saxladı. Üstəlik Azərbaycan Naxçıvan ilə Zəngilan arasında yeni dəhliz əldə etdi.
Rusiya
Rusiyanın Ermənistan ilə müəyyən sözdələşmələri var və bu sözdələşmələrə görə Rusiya Ermənistanı digər dövlətlərin hücumlarından qorumalıdır. Həmçinin Rusiyanın Ermənistana silah vermək öhtəliyi də var. Rusiya üçün Azərbaycan daha yaxşı strateji müttəfiqdir, çünki Azərbaycan hakimiyyəti Rusiyaya qarşı deyil. Azərbaycan Rusiya ilə müharibə istəmir və istəməyəcək. Azərbaycanın bir çox ölkələr ilə yaxşı əlaqələri var. Azərbaycanın İqdisadiyyatı güclüdür və inkişafdadır. Bütün bunlardan əlavə Azərbaycan həmçinin Rusiyanın maraqlarına uyğun bir neçə məqamlara sahibdir. Burada biz azərbaycanlıların ruslar ilə əlaqələrini, Azərbaycanda mövcud 300 rus dili təmayüllü məktəbi, diasporaları sadalaya bilərik. Ermənistan ölkəsi isə kasıb ölkədir, iqdisadiyyat göstəriciləri daimi enişdədir, o ölkədə dəfələrlə ruslara qarşı mitinqlər olub, ölkə monoetnikdir və orada ermənilərdən başqa heç kəs yaşamır. Və bütün bunlar yetmirmiş kimi, Ermənistan özünü qərbyönümlü aparır, Azərbaycan isə bütün xarici ölkələr ilə balanslaşmış əlaqələr aparır və daxilini inkişaf etdirir. Ona görədə Rusiyaya Azərbaycan ilə dost münasibətləri daha sərfəlidir, amma Ermənistan ilə birgə sazişlər ona açıq şəkildə Azərbaycanı dəstəkləmək imkanı vermir. Bütün bunlardan əlavə Rusiyanın öz daxilində də Krasnodar və Soçi şəhərlərində ermənilərin sayı çoxluq təşkil edir və istənilən kiçik qüsur onunla nəticələnə bilər ki, Rusiya öz ərazisində Qarabağ münaqişəsinə bənzər problem ilə üzləşsin. Ona görə də Rusiya müharibə mərhələsində Ermənistana silah verdi. Lakin bu silahlar Ermənistan üçün həll edici silahlar deyil idi. Azərbaycana həlledici üstünlüyü qazandıran amil pilotsuz uçuş aparatları oldu. Rusiyanın bu aparatlara qarşı güclü müdafiə sistemləri var. Radiodalğalara müdaxilə sistemləri və bənzər texnologiyalar sayəsində həmin PUA-ların effektini minimallaşdırmaq olardı. Lakin Rusiya Ermənistana həmin müdafiə sistemlərini vermədi. Rusiya Ermənistanı yalnız zəif, köhnə və keyfiyyəti aşağı silah-sürsat ilə təmin etdi. Bunlardan əlavə Rusiya Televiziya və sair KİV üzərindən Ermənistana dəstək göstərdi. Nəticədə Rusiya sözdə Ermənistanı dəstəklədi əməldə isə Azərbaycanın Ermənistanı məğlub etməsinə göz yumdu. Daha sonra isə Rusiya öz sülhməramlılarını Qarabağa gətirdi, Ermənistanı Azərbaycana 3 rayonu qaytarmağa vadar etdi və Şuşa və digər azad olunmuş rayonlar da Azərbaycanda qaldı. Nəticədə yenə də, sözdə Ermənistana kömək etdi, əməldə isə Azərbaycanın Ermənistanı məğlub etməsinə göz yumdu.
Ermənistan. Qarabağ klanı
Qondarma Dağlıq Qarabağ Respublikasının bircə marağı var idi. İşğal sayəsində əldə olunmuş ərazi ölkə statusu əldə etsin. Müharibə və bəyanat bu əraziləri çox kiçiltdi. Zatən həcm baxımından kiçik olan “ölkə” indi mikro səviyyəsinə düşdü. Əhali artıq orada yaşamaqdan qorxur. Bu “ölkənin” parlamenti isə indi hadisələrdə bir-birini günahlandırır. Oranın rəhbərləri ermənilərə deyirlər ki, Azərbaycan zatən daha çox ərazi əldə edəcəkdi, Rusiya qarışdı və bunu dayandırdı. Əhali isə deyir ki, Rusiya onları satıb. Bu “şahmat oyunun” bu oyunçusu ümumiyyətlə heçnə qazanmadı. Ən yaxşı halda deyə bilərlər ki, bəyanat onları tamamilə məhv olmaqdan saxladı: “Daha da kiçilə bilərdik, yaxşı ki, indi məsələ bu nöqtədə dayandı”.
Ermənistan. İrəvan klanı
Biabırçılıq. Rəzillik. Süqut. Paşinyan ölkəni qərbə tərəf aparmaq istəyirdi və bunun üçün öz 2 illik rəhbərliyi dövründə əlindən gələni edirdi. Lakin Qarabağ problemi buna imkan vermirdi. Paşinyan hətta daha öncələr 7 rayon sualını da öz parlamenti qarşısında qoymuşdu. Hər ehtimala məsələni dəqiqləşdirmək üçün bu rayonların qaytarılması sualını parlamentdə müzakirəyə çıxartmışdı. Səsvermə isə onu göstərdi ki, xalq buna yol vermək istəmir. Ermənistan Qondarma Dağlıq Qarabağ Respublikasını da rəsmi olaraq tanımırdı. Çünki o tanısaydı Avropa ölkələri bu hərəkətə mənfi yanaşacaqdılar və Ermənistan yenə məğlub olacaqdı. Faktiki olaraq Ermənistan o qədər çarəsiz vəziyyətdə idi ki, “Artsaxı” nə tanıya bilirdi, nə onu rədd edə bilirdi, nə də ki hər şeyi olduğu kimi saxlaya bilirdi. Ona görə də bu ölkənin yeganə çıxış yolu o idi ki, Azərbaycan danışıqlar masasına Qondarma ölkənin rəsmilərini buraxsın, daha sonra Azərbaycan Qarabağdan imtina etsin və sonda Qarabağdakı bu rejim yeni bir ölkəyə çevrilsin. Paşinyan hesab edirdi ki, onun lozunqları, çağırışları hadisələri buna aparacaq. Onun uzaqgörənliyi yox idi. O zənn edirdi ki, bu üsullar ilə vəziyyəti öz xeyrinə çevirə bilər, amma nəticədə Azərbaycan 7 rayonu geri aldı, Şuşanı azad etdi və Qarabağ da qaldı Azərbaycanın daxilində. Ermənistanda isə əhali narazıçılıqlara başladı. Amma bu heçnəyi dəyişməyəcək. Paşinyanın siyasi karyerası bitdi. Ondan sonra gələcək olan rəhbər üçün də vəziyyət çətindir. Çünki əhali Rusiyanı satqın hesab edir. Məsələnin Ermənistanın xeyrinə bitməsi üçün isə Ermənistan Rusiya ilə dostlaşmalıdır. Rusiya ilə dostlaşmaq üçün isə İqdisadiyyatı gücləndirmək lazımdır. İqdisadiyyatı gücləndirmk üçün isə gərək Ermənistan qərbə tərəf meyillənsin. Paradoksdur, elə deyil mi? Ən başda dedim axı - biabırçılıq, rəzillik, süqut.
Türkiyə
Qardaş ölkə Türkiyənin bir neçə maraqları var. Amma onların hamısını sadalamaq istəmirəm(səbəbini də demək istəmirəm). Bizim əsas bilməli olduğumuz səbəb odur ki, Türkiyə Azərbaycana kömək etmək üçün bütün vasitələrdən istifadə edəcək. Bəyanatda dəyişikliklərin baş verməsi üçün də danışıqlar masalarında yeni təkliflər edə bilər. Ümumiyyətlə Azərbaycan vətəndaşları elə zənn edirlər ki, Türkiyə Rusiya ilə düşməndir. Lakin bu belə deyil. Müttəfiqdirlər, strateji partnyordurlar və iqdisadi cəhətdən bu ölkələr bir-birilərinə dəstək olurlar. Lakin hər ikisi böyük ölkədir və ərazidə həlledici tərəf görünüşünə sahib olmaq hər ikisinin marağındadır. Rusiyadan fərqli olaraq Türkiyənin Ermənistan qarşısında nə öhtəliyi var nə də o ölkəyə qarşı dost münasibəti. Əksinə Türkiyə Azərbaycan ilə qardaş ölkədir. Türkiyənin marağındadır ki, bu qardaşlıq hər iki ölkəyə daha çox fayda versin. Ona görə də məsələyə nə qədər çox Rusiya qarışacaqsa Türkiyə də o qədər qarışacaq və hətta daha çox təsir gücünə sahib olmaq istəyəcək.
Yekun
Buraya qədər oxudunuzsa demək hərbi mərhələnin yekun günündə baş verənləri də düzgün və kənardan analiz edə bilərsiniz. Azərbaycan həmin gün ard-arda 77 kəndin azad olunmasını elan etdi. Daha sonra Azərbaycan ilə Ermənistan sərhədinə Rusiyanın helikopteri gəldi və vuruldu. Ermənistan elan etdi ki, bu ərazidə Rusiyanın helikopteri vurulub. Rusiya təsdiq etdi ki, həqiqətən də helikopter ona aiddir. Azərbaycan cəld etiraf etdi ki, helikopteri o vurub, üzr istədi və xərcləri qarşılayacağını bəyan etdi. Lakin burada bir vacib məqam var ki, Azərbaycan diplomatiya dili ilə həmin bəyanatda “Rusiyanın helikopteririnin burada nə işi var?” sualını qoydu. Daha sonra Rusiya mediasında bu helikopter hadisəsi sürətlə yayılmağa başladı. Məsələ o qədər böyüdü ki, bəzi politoloqlar hətta müharibənin tamam başqa yöndə başlayacağını və Rusiyanın məsələdə hərbi cəhətdən iştirak edəcəyini deməyə başladılar. Rusiyanın müdafiə nazirliyi isə bəyan etdi ki, Azərbaycanın cəld cavab verməsini müsbət qarşılayır və bu bəyanatda diplomatik dil ilə dedi ki, Azərbaycan bu qədər cəld reaksiya verməsinə görə mükafatlandırılacaq. Daha sonra mediada məlumat yayılmağa başladı ki, Azərbaycan, Ermənistan və Rusiya artıq bəyanat imzalayıblar. Daha sonra bir raket atıldı və göydə vuruldu, heç kəs zərər çəkmədi. Azərbaycan bu raket barədə susmağı seçdi. Raket Rusiya tərəfindən də atıla bilər, Ermənistan tərəfindən də. Bu raket əmr əsasında da atılmış ola bilər, tabesizlik nəticəsində də. Həqiqəti biz heç vaxt bilməyəcəyik. Lakin nəticələri incələyə bilərik. Əgər raket Ermənistan tərəfindən əmr əsasında atılmışdısa Azərbaycan susmaqla bəyan etdi ki, hərbi mərhələ bitmişdir, Azərbaycan bəyanata sadiqdir və Azərbaycan Ermənistanın bu təxribatına uymayacaq. Əgər raket Rusiya tərəfindən əmr əsasında atılmışdısa Azərbaycan susmaqla bəyan etdi ki, o Rusiya ilə hərbi əməliyyatlara başlamaq istəmir və gedişat artıq yalnız və yalnız diplomatik masalar arxasında davam edəcək. Əgər raket Ermənistandan və ya Rusiyadan əmrə tabesizlik nəticəsində atılmışdısa bu tabesizliyi törətmiş şəxs artıq cəzalandırılıb və bu barədə də biz heç vaxt heçnə öyrənməyəcəyik.
Öyrənə biləcəklərimiz isə gələcəkdədir. Bütün bu məqalədə dediklərimi nəzərə aldıqda mən başa düşürəm ki, Rusiyanın sülhməramlıları əslində görüldüyü qədər təhlükəli amil deyil, hətta əksinə bizim üçün müsbət hal ola bilər. Ola bilər ki, yaxın zamanlarda Qarabağ erməniləri və ya Ermənistan erməniləri müxtəlif hərbi təxribatlar törətsinlər. Belə hallar baş verərsə bu hallar ilə Azərbaycan vətəndaşından öncə Rusiya sülhməramlısı üzləşəcək. Laçına girən Rusiya tankını gördük. O tank bəlkə həmin təxribatçılara göz dağı vermək üçün gəlib? İstənilən halda ermənilər “cəsarət” edib nəsə törətsələr buna görə onlar artıq Rusiya hərbiçiləri qarşısında cavab verəcəklər və o hərəkətlər Rusiyaya qarşı yönəldilmiş hesab olunacaq. Biz isə geri aldığımız ərazilərdə növbəti 5 il ərzində güclü infrastruktur yaratmalıyıq və iqdisadiyyatımızı daha da gücləndirməliyik ki, danışıqlar masasında deməyə daha çox sözümüz olsun.
Qarabağ Azərbaycandır. Azərbaycan isə güclüdür!