Mənim ilk online alış-veriş təcrübəm

 

Həsənağa Azadın ilk online alış-veriş təcrübəsi barədə blog məqaləsinin posteri 

Əvvəla onu deyim ki, biz developerlar xoşbəxtlikdən və ya bədbəxtlikdən hər hadisə və davranışda məna-mahiyyət axtardığımız üçün qarderobumuzu çox gec-gec yeniləyirik. İstəsəniz özünüz də Zuckerberg, Jobs, Gates və İT sahənin sair məhşurlarının qarderobuna diqqət yetirə bilərsiniz. Adamlar  sanki illərlə eyni paltarları geyinirlər. Eyni set, eyni tərz və bərbəzəksiz, Adamın şəxsiyyətini tanımasan geyimindən onun orta-statik insandan daha kasıb olduğunu düşünərsən. Elon Musk biraz klassik dəst sevəndir amma onun da qarderobu o qədər də fərqlənmir. Məncə mahiyyət ondadır ki, biz geyimi bədənimizi örtən bir vasitə kimi istifadə edirik. Təmiz olsun, qüsürsuz olsun - kifayət edir. Digər insanlar isə geyimi zövq, mülk və hətta əhvalın göstəricisi kimi istifadə edirlər.

Uzun sözün qısası mən də bir İT sahəsi adamı olaraq qarderobumu çox gec-gec yeniləyirəm. 2-3 ayda bir dəfə mall-a gedib köhnə geyimimi yenisi ilə ( və çox vaxt bənzəri ilə) yeniləyirəm. Geyimlərimin çoxsunu isə adi qara polo-lar və cins şalvarlar təşkil edir. 

İnternet mağazadan da daha öncə heçnə almamışdım. Başlıca səbəb güvənsizlik. Pulumun itəcəyindən yox, internet mağazada səbətə atdığım məhsul ilə evimə gələn məhsulun fərqli çıxacağından tədirgin idim. Amma bunu eləməyi artıq işim tələb edir. Təsisçisi olduğum Owbike saytyaratma sistemində internet mağaza tipli saytların yaradılışını təmin edən update üzərində işləyirik və təbii ki, real internet mağazalarını araşdırmadan, alışveriş etmədən bu işə başlamaq düzgün olmazdı.

Dost-tanışdan maraqlandıqdan sonra internet mağaza olaraq trendolu seçdim. Çatdırılma üçün isə Limakdan istifadə elədim. Qeyd edim ki, məqalə heç bir reklam xarakteri daşımır, nə Limak nə də ki, Trendyol mənə bu məqalə üçün pul ödəməyib. Belə də ki, ödəmək də istəməz çünki narazı qaldığım məqamlar da var. 

 

İlkin olaraq Limakın nə olduğunu bəsit dildə izah edim, bilməyən də bilsin. Trendyol türkiyədə işləyən bir internet mağazadır. Çatdırılmanı Türkiyə daxilində ölkələrə edir, Azərbaycana məhsul çatdırmır. Limakın isə Türkiyədə öz anbarı var. Deməli siz Trendyoldan nəsə sifariş edəndə onun Limakın Türkiyədəki ofisinə çatdırılmasını istədiyinizi qeyd edirsiz, daha sonra isə Limak onu Azərbaycana çatdırır. Daha sonra gedib öz sifarişlərinizi Limakın ofisindən də götürə bilərsiz, evə çatdırılma da sifariş edə bilərsiniz.  Limak ölkə daxilində yeganə belə kargo xidməti göstərən şirkət deyil. Google-da “Kargo şirkətləri” yazıb digərlərinə də müraciət edə bilərsiniz. Onlar əsasən çatdırma ödənişinə görə və istifadəçi rahatlığına görə fərqlənirlər. Qiymət isə məhsulun çəkisi əsasında hesablanır.

Deməli, girdim trendyola və 20-30 geyimi Favorit(Sevimli) kimi qeyd elədim. Bu internet mağazalarının çoxsunda var. Geyimlərin üzərində ürək düyməsini basaraq geyimləri sevimlilər siyahısına əlavə edirsiniz, daha sonra isə Favoritlər(Sevimlilər) səhifəsinə daxil olub aralarında ən çox bəyəndiklərinizi seçib, onları səbətə atırsınız. 

Trendyolda məhsulları sevimlilərə əlavə etmək   artıq saytda qeydiyyatdan keçmiş olmalısınız. Qeydiyyat asandır. Facebookla girirsiz, parol filan yazırsınız məsələ hazırdır. 

Sonunda 1 eynək, 2 şalvar, 1 krosovka 1 T-shirt sifariş elədim. 

 

Qeyd edim ki, alış-verişim 100 manatla kifayətlənməli idi. Trenyolda isə maraqlı endirim şərtləri var. Bəzi məhsulları səbətə atdıqda  endirim yaranır. Bəzi məhsullar müəyyən məhsullar ilə birgə alındıqda da əlavə endirim tətbiq olunur. Nəisə. Bütün bunlar sonunda mənə öncə 524,68 TL(122 AZN), endirimlər tətbiq olunandan sonra isə 335,31(75AZN) qiymətinə təqdim olundu. Qiymət məncə həqiqətən də çox sərfəlidir.

 

 

Keçək Limaka.

 

Limakın Qaydalar və Tez-tez verilən suallar səhifələrində nəyin necə işləməsi barədə səthi məlumat var. Limakda qeydiyyatdan keçməzdən öncə diqqətlə bütün qaydaları oxudum. Amma bu mənə bu adresi doldurarkən yaşadığım problemlərdə yardımçı olmadı. Deməli, Şirkətin əsas saytına daxil olub, kiçik qeydiyatdan keçirsiniz. Qeydiyyatdan sonra platforma sizə çatdırıla ünvanı təqdim edir. Bu ünvanlar İstifadəçi panelində “Xaricdəki ünvanlarım” səhifəsində əks olunub. Burada qeyd olunanları kopyalayıb Trendyolda Çatdırılma ünvanı kimi qeyd etməlisiniz.  Amma sətrlərin adlarında və şərtlərində fərqlər var. Təbii ki, Limak birgə işlədiyi internet mağazaların Adres sətrlərinə uyğun ətraflı məlumat verə bilməz(əslində niyə də yox, bu məni çətinlikdən xilas edərdi). Amma məsələn Trendyoldaki Ad,Soyad sahələri limitlidirlər. Oraya çox söz yazmaq olmur. Limakda isə Ad Soyad hissəsi üçün “nə boyda” sətr var (LİMAK İTHALAT VE İHRACAT LİMİTED şirketi…). Ona görə ilk başda çox çətinlik çəkdim. Limakın Qaydaları da mənə kömək etmədiyi üçün sadəcə risk edib Trendyoldaki Adresimi öz məntiqimə uyğun doldurdurdum. Ad soyad kimi sahələrə “Limak” yazdım, Telefon, ilçe mahalle filan yazdım. Ən əsası isə Adress sahəsi idi. Oraya Limakda verilən uzun adresi heç bir dəyişiklik etmədən necə varsa elə də kopyalayıb, yaddaşa verdim.

 

Deməli Kargo hazır, Məhsullar seçilib. Səbəti təsdiq etmək olar. Amma error çıxdı. Trendyol 3d secure tələb edir. Bilməyənlər üçün qısaca izah edim. 3D secure odur ki, siz saytdan öz kartınız(Visa,Master) vasitəsi ilə alışveriş edəndə sizə təsdiq sms-i gəlir. Həmin sms-dəki kodu müvafiq hissəyə yazırsız və Bank internet mağazaya sizin kartınızdan pul çıxarmaq icazəsi verir. Mənim kartlarım Respublika Bankdandır və onlarda 3D secure yox idi. Araşdırdım. Bunun üçün Appdan sms bildiriş funksiyasını yandırmaq lazım imiş. Bu da aylıq 0.99AZN edir. “Hələ heçnə almamışam artıq 1 manat xərcə düşəcəm” deyib sms bildirişi təsdiqlədim.(Daha sonra maraqlanıb öyrəndim ki, Bank respublika ödənişsiz 3D secure imkanı da təqdim edirmiş. Amma nəsə mənə çətin gəldi. Harasa bankomata getmək lazımdır. Azericardın birdəfəlik kodunu yadda saxlamaq lazımdır, kodları harasa kopyalamaq lazımdır və sair.) Nəisə,sms bildirişi qoşdum, 0.99 AZN çıxdı, Trendyol da ödənişimi qəbul elədi.

 

İndi başlayır Gözləmə vaxtı. Əvvəl Məhsullar toplanılır, sonra paketlənir, sonra onlar çatdırılır Limakın Türkiyə Ofisinə. Baxın məhz bu addımda yadıma düşdü ki, deyəsən şalvarı alanda ölçüsünü kiçik qeyd etmişəm. Girdim Trendyola. Gördüm Geri qaytarmaq imkanı var. Dedim nə yaxşı, biraz pul çıxacaq amma heçnə olmaz qoy geyim qayıtsın, düzgün ölçüsü gəlsin. İdealda necə olmalı idi? Mən düyməni basandan sonra bildiriş getməli idi. Sonra məhsul Limakın Türkiyə anbarından satıcıya qayıtmalı idi, mənim pulum da kartıma. Limak-ın saytında qaydalarda Türkiyə ofisindən geri qaytarma barədə heç bir qadağa yoxdur. Bakı barədə var. Bunu da başa düşmək olar bəlkə də. 

Trendyolda düyməni basdım və keçdim hər ehtimala limakın saytında çat dəstək xidmətinə yazdım. Nəticə məni məyus etdi. Limak az öncə dediyim kimi, öz qaydalarında qeyd edib ki, məhsul Bakıya gələndən sonra onun qaytarılması mümkün deyil. Lakin şirkət saytının heç bir səhifəsində qeyd etməyib ki, məhsulu Türkiyə anbarından elə Türkiyədə yerləşən mağazaya da qaytara bilmir. Mənə bu indi də çox absurd görünür. Məhsul hələ Bakıya yola çıxmayıb.Eyni şəhərdə anbardadır. Verin kuryerə, məhsulu geri qaytarsın. Lakin Limak deyir ki, yox, müştəri öncədən deməlidir belə hadisələr barədə. Məhsul Limakın Türkiyə anbarına daxil olsa da qeri qaytarmaq olmaz. Halbuki qaydalarda bu barədə heçnə yoxdur.  Hadisə barədə facebookda postda yazdım. Posta şirkətin Kommunikasiya rəhbəri də gəlib şərhlərini yazdı. Uzun bir nəolduğu başadüşmədiyim(nə diskissiya nə müzakirə nə həll-nəticə) kommentləşmə baş verdi aramızda. Şirkətin Kommunikasiya üzrə meneceri ilə kommunikasiya tapa bilmədik. Menecer şirkətin öz müştərisi ilə komunikasiyada qüsur buraxmasını və müştəriyə şirkətin məhsulu Türkiyədən Türkiyəyə geri qaytara bilmədiyi heç harada qeyd etməməsi qüsurunu qəbul etmədi. Əksinə gah mənim developer olmağımı qeyd edərək mövzunu yayındırdı, gah saytlardan danışdı. Nə oldu başa düşmədim. Menecer bunun texniki boşluq olmasını Limak ilə trendyol arasında heç bir avtomatlaşdırılmış inteqrasiyanın mövcud olmasının nəticəsi kimi qeyd elədi. Nə qədər bunun İT yox, komunikasiya qüsuru olmasını desəm də, “bunu qaydalarda qeyd etməli idiz” desəm də, mən sıravi müştəri şirkətin kommunikasiya meneceri ilə kommunikasiya tapa bilmədim. Post ilə isə buradan tanış ola bilərsiniz.

 

Nəisə, kor peşman iki şalvar almış oldum. Şalvarın ikincisinə görə isə 87,93TL(20,49 AZN) ödədim.

 

Əlavə olaraq deyim ki, Limakın qaydalarına görə, məhsul sifariş etdikdən sonra onun barədə Limakda da məlumat daxil etmək lazımdır. Xüsusi səhifədən sifarişin çəkisi qiyməti sifariş tarixi kimi məlumatları qeyd eləmək lazımdır. Mən də eləmişdim. Lakin məhsullar Limakın Türkiyə anbarına daxil olduqca (yəqin) Limak işçiləri özləri bu məhsulları bazaya daxil edirdi. Ona görə də mənim Limak panelimdə “Bağlamalarım” səhifəsində kopyalanmalar yaranmışdı. Eyni bağlamaları həm mən həm də Limak özü qeyd etmiş idi. Sonradan mən öz daxil etdiklərimi sildim və açığı başa düşmədim. Əgər limak özü sifarişlərini sayta daxil edəcəkdisə niyə mən qaydaları oxuyub bunu edərək vaxt itirirdim, üstəlik də belə bir çaşqınlıq yaranırdı.




Məhsullar gəldi

Məhsullar Limakın Azərbaycan ofisinə gəlib çatdıqda nömrəyə SMS bildiriş gəlir. Saytdan da baxmaq olar. Anbar səhər saat 10-dan axşam 9-a qədər işləyir. Özü “Təzə bəy hamamı” tərəfdə yerləşdir. İçəri daxil olduqdan sonra Reseptiona(Kassirə) yaxınlaşıb şəxsiyyət vəsiqəsini verirsən və çatdırılmanın ödənişini edirsən. Yeri gəlmişkən, bu məhsulların çatdırılması 31,45 AZN elədi. Kassirə 32 manat verdim, qalan 55 qəpiyi mənim limak-dakı balansıma köçürtdü. Nə vaxtsa (əgər) limak ilə yenə nəsə gətirsəm saytdakı balansımla ödəniş edə bilərəm.

Kassir ödənişdən sonra qəbz verir. Qəbzdə bağlamaların kodları qeyd olunub. Qəbzi anbarın özünə yaxınlaşıb orda işləyən qaqaşlardan birinə verirsən o da anbarda məhsulları koduna görə axtarıb hamısını sənə gətirir. Qəbz onda qalır.

 

Eynək

Həsənağa Azad Tarzım Shop günəş eynəyində 

Trendyol internet mağazasında Eynəyin kişik məlumatı

Eynək möhtəşəm çıxdı. Heç bir qüsuru yoxdur. Qara futlyarı və balaca qara torbası var.

Qiymət: 19.81 AZN + 3.4 AZN (limak) = 23.21 AZN

Məhsula link: https://www.trendyol.com/tarzim-shop/gold-cerceveli-kare-gunes-gozlugu-tsgg-1000101114-p-43472280



 

T-shirt

 

AlexanderGardi köynəyi trendyol saytında sifarişlərdə


T-shirt heç xoşuma gəlmədi. Çox peşmanam. Diqqət edin. Trendyolda şəkildə tamam fərqli geyimdir, mənə çatan tamam fərqli. Qolsuz bir model görüb sifariş etmişdim amma adi bəsit T-shirt gəldi. Təbii ki, şikayət elədim və şərh də yazdım Trendyolda amma bu heçnəyi dəyişmir. Peşmanam


Qiymət: 5.82 AZN + 3.4 AZN (Limak) = 9.22 AZN


Məhsula link: https://www.trendyol.com/alexandergardi/kesik-kol-kolsuz-erkek-t-shirt-e19-p4ag09-p-39201235/

Trendyolda satılan AlexanderGardi Tshirt-inin aldadıcı olması. Köynək Həsənağa Azadın əynində












Şalvar - sport 

 

Həsənağa Azad Madmext qara şalvarda

Madmext qara şalvar trendyol saytında sifarişlərdə


Bu həmin o ölçüsünü səhv aldığım şalvardır. Limak sağolsun, Türkiyə anbarından Trendyola vermədi ki, aparsınlar, əvvəlcədən qaydalarda da buna dair heçnə qeyd etmədikləri üçün hazırda evdə bu şalvarın heç açılamamış S ölçüsü də durur. Nəvaxtsa kiçilsəm onu da açıb geyinərəm. Sata da bilərəm. Şalvar rahatdır.


Qiymət: 18.17 AZN + 5.10(Limak) = 23.27 AZN

 

Məhsula Link: https://www.trendyol.com/madmext/ekoseli-siyah-esofman-4219-p-32237889





 

 

 

Şalvar - klassik

 

Terapi Men şalvar trendyolda sifarişlərdə


Rahatdır. Qəşəngdir. Sərindir.


Qiymət: 22.14 AZN + 6.80(Limak) = 28.94 AZN


Məhsulun linki: https://www.trendyol.com/terapi-men/erkek-kahverengi-keten-pantolon-9y-2200189-015-p-12543759

Həsənağa Azad Oksit ayaqqabılarda, Eynəkdə və Terapi Men şalvarda






 

 

Ayaqqabı - sport

 

Həsənağa Azad Oksit ayaqqabılarda parkda oturub və ayaqlarını qaldırıb ayaqqabının altını göstərir

Oksit aə rəngdə sport ayaqqabıları trendyol saytında səbətdə


Rahatdır, qüsursuzdur. Möhkəmdir. Gəzəndə cırıldama səsi çıxarmır.


Qiymət: 11.05 AZN + 7.65(Limak) = 18.7 AZN


Məhsulun linki: https://www.trendyol.com/oksit/lopez-air-unisex-sneaker-p-35662876






 

Belə. Məhsulları da saydım. Prosesi də izah etdim. Məqalənin nə reklam nə tənqid nə də təklif xarakteri daşımadığını dedim. Tənqid kimi görünən cümlələri adi istehlakçı fikiri kimi də hesab edə bilərsiniz. İlk təcrübəm isə maraqlı oldu. İçində mənfi hadisələr də yaşandı. Böyük ehtimal bundan sonra artıq geyim alışverişlərimi online edəcəyəm. Lakin bunu daha qüsursuz mağaza üzərindən və müştəri kimi razı qalacağım Karqo xidməti sayısində gerçəkləşdirməyi düşünürəm.

 

Təşəkkürlər.

 

Oxunulub: 2093