The Queen`s Gambit, Şahmat və Mən
23.01.2021
Şahmat oyununu hələ bu qədər dəqiq göstərən, oyuna bu qədər geniş maraq yaradan ikinci bir film görməmişəm. Filmin şahmat barədə olmasını qoyun kənara, filmin adının oyun debütünün adı olmasını qoyun bir kənara, filmədəki partiyaları, baş qəhrəmanın bu qədər məharətlə oynamasını və ən güclü şahmat qroysmesterləri tərəfindən Unikum adlandırılmasını qoyun bir kənara, film şahmat oyunun özü kimidir. Hər şey necə baş verməli idisə elə də gerçəkləşdi. Heç bir addım, heç bir gediş nəticəsiz qalmadı. Heçnə cavabsız deyil. Hər hərəkəti planlamaq olar. Həyatında dünən etdiyin səhvin nəticəsini mütləq sabah görəcəksən. Necə başladınsa sona da elə yaxınlaşacaqsan. Hər addımın bir əks cavabı var. Film bunları göstərir. Oyunun özü kimi. Film özü elə sanki oyunun psixologiyasını daşıyır. Üstəlik bunu o qədər asan formada edir ki, şahmat oyunu barədə zərrə qədər məlumatınız olmasa da, serial özü sizi öyrədəcək və sizə baş verənləri tam anlamağınız üçün kömək edəcək. Amma o bunu sənədli filmlərdəki kimi fon səsi ilə eləmir. Tədris gözə çarpmır amma ilk seriyalardan artıq bir neçə qaydanı anlayırsınız. Lövhənin özünü öyrənirsiniz, fiqurları, gedişləri,debütləri, səhv və doğru gedişləri. Beth ilə öygənəcəksiniz, sonra isə özünüz də dərindən öyrənmək istəyəcəksiniz. Serial Netflix-da çıxan kimi Google kimi axtarış sistemlərində Şahmat oyununun qaydaları üzrə axtarışlar pik zirvəyə qalxdı. Mağazalar Şahmat oyununun satışlarının inanılmaz dərəcədə anidən artdığını dedi. Filmin əsasını təşkil edən kitab yenidən BestSeller oldu. Bu filmin insanlığa verdiyi töhfəni biz onillər sonra daha aşkar görəcəyik. Çünki bu oyun digər idman növlərindən fərqli olaraq insan beynini pik dərəcədə inkişaf etdirir. Şahmat oynaya bildikdə hər hərəkətin qarşısında dəfələrlə düşünürsən. Filmdə belə bir ifadə var ki 64 xanalıq masada bütün dünya sığa bilər. İndi təsəvvür edin 64 xanada hər addımı üzərində çox düşünən insan gələcəkdə bu həyatda hər bir addımına görə dünya qarşısında nə qədər böyük bir məəsuliyyət daşıdığını hiss edəcəyini anlayacaq. Heç təsəvvür edirsinizmi “oyun” necə dəyişə bilər?
The Queens Gambit mini-serialı Uolter Tevisın eyniadlı romanı əsasında yazılıb. Burada bir məqama diqqət etməlisiniz. Şahmat oyununda bəzi fiqurlar fərqli ölkələrdə fərqli adlanır. Amerikanlar bu oyunun ən güclü fiqurlarını Queen(Kraliça) adlandırırlar. Biz, ruslar kimi, “Vəzir” adlandırırıq. Tevis baş qəhrəmanı qadın edərək burada kiçik bir söz oyunu oynayıb. Elizabeth Harmonu Kraliça adlandırıb.The Queen`s Gambit bir dübütün adıdır. Debüt isə şahmat oyununda başlanğıc gedişlərin ardıcıllığı adlanır. Yəni müəyyən formalaşmış gedişlər ardıcıllığı var. O ardıcıllıqlar sənə ilk gedişlərdən üstünlük qazanmaq şansı verir. Bu debütlara əməl etməyə də bilərsən. Yəni özün necə istəyirsənsə elə də başla. Amma debütlər ilə başlamaq daha əlverişlidir. Harmon da belə idi. Onun ən güclü tərəfi debütləri çox yaxşı bilməsi idi. Amma yeni debütlar də siz mövcud debütlərlə oynamadığınız zaman yaranır. Serialda fikir versəniz, oyunçular gedişlərini müvafiq kağızda yazırlar. O kağızlar beynəlxalq şahmat oyunları banklarında toplanılır. Ən güclü oyunlar dəfələrlə digər şahmatçılar tərəfindən araşdırma məqsədi ilə yenidən təkrar oynanılır. Sonradan isə kitablar ilə bu oyunlar yeni debüt adları altında yayılır və dövr eləcə təkrarlanır. İnsan bəlkə də, hələ də bu qədər geniş gediş imkanları olan və bu qədər dəqiq qeyd oluna bilən olan ikinci bir oyun yaratmayıb. Bu oyunu möhtəşəm edən digər faktor da elə budur. Təsəvvür edirsiniz? Sizin 2 saniyə ərzində etdiyiniz kiçik bir gediş əsrlər boyu tarixdə qeyd oluna bilər, təkrarlana bilər. Heçnə silinmir.
Deyilənə görə Tevis roman üçün Bobby Fişer oyunçusunu prototip olaraq canlatmışdı. Bu filmin ekranlaşdırma icazəsini Allan Scott hələ 1992 ildə satın almışdı. O vaxtlar filmin rejissoru Heath Ledger olmalı idi. Amma Ledger dünyasını dəyişdi. Sonra başqa hadisələr oldu. İllər sonra 2019cu ildə filmə Anya Taylor Coy dəvət olundu. Baş rola. Ən sevdiyim, gözəlliyinə heyran olduğum aktrissa.
Anya Taylor-Joy.
Mən onu Split filmindən tanımışam. Çox gözəl oynayır rollarını. Baxışları o qədər realistikdir ki. Hələ Split filmində onun qorxu içində cəsarət emosiyalarını necə real göstərə bildiyinə heyran olmuşdum. Aktyor var ki pafos oynayır, aktyor var ki quru oynayır. Aktyor var ki reala çox yaxın - reallığın tam üzərində oynaya bilir. Amma aktrissa çox az tapılır.
Təxmini 6-7 ay Anyanın bu şəklini öz iş masamda Desktop fonu olaraq yerləşdirmişdim. Hər gün işə Anya ilə salamlaşaraq başlayırdım. Sırf ona görə Split filminə 4-5 dəfə baxdım. Split filmi xoşuma gəlmişdi amma bu qədər təkrar baxacaq qədər yox. Split-in ardı olan Glass filminə də Anya-ya görə baxdım. İnanmazdım ki, az müddət sonra Anya tamamilə başqa bir rolu ilə və üstəlik mənim ən sevdiyim oyuna həsr olunmuş bir kinoda məni məftun edəcək.
Elizabeth Harmonu Anya çox peşəkarcasına canladıb. Operator Steven Meizler çox aşırı tez-tez müxtəlif rakurslardan onu bizə göstərir. Filmin bəlkə də 99% vaxtını biz Harmona baxırıq. Müxtəlif rakustlar, kölgələr, fərqli interyerlər, fərqli geyimlər,fərqli insanlar, fərqli emosiyalar, fərqli fikirlər. Amma Harmon həmişə mərkəzdədir. Baş qəhrəman olmasına baxmayaraq qəhrəmanın bu qədər çox ekranda olması biraz şübhə doğurur. Sanki rejissor bizə filmi elə Anya sayəsində sevdirməyə çalışır. Amma çox xoş görünür. Kamera onu sevir.
Bir məqama xüsusi diqqət etməyinizi istəyirəm. Harmon şahmat oynayarkən onun baxışlarına diqqət edin. Bütün məsələ bu baxışlardadır. Oyunların müəyyən hissəsində sanki baxışlardan onun nə qədər sıxıldığını hiss edirik. Bəzi hissələrdə isə bu ümumiyyətlə oyunçu baxışı deyil. Od-alov yoxdur. Bu bir qadın baxışıdır. Nəyisə səliqə səhmana salan qadının baxışıdır. Şahmat oyunu sanki onun üçün adi məişət işidir və o masada səliqə yaradır. Gedişi edəndən sonra onu kağıza yazması da belədir. Sanki məktub yazır, çox ehtiyatla çox səliqə ilə davranır. Jestləri o qədər hamar və dəqiqdir ki. Diqqət edin, şahmat vaxtı insanın gözləri alovlanır, uduzmaq tərəfə getdiyin vaxtlarda siqaret yandırırsan, başını əzməyə çalışırsan, saçını dartışdırırsan, qeydləri çox cəld və ehtiyyatsız yazırsan. Bütün dünyanın və o oyunun yanında duran saatın da durmasını istəyirsən. Zamanı geri qaytarmaq istəyirsən. Harmon isə oynuyur, sadəcə oynuyur. Amma o da limitsiz canlı deyil. Müəyyən vaxtlarda onun gözlərində alışan alovu görəcəksiniz. Və o alov adi oyunçu baxışından çox fərlənəcək, çox bahalı, çox nadir olacaq. Siz saatlarla bu baxışı gözləmisiniz və o nəhayət sizə onu göstərdi.
Şahmat barədə
Burada biraz kənara çıxmaq istəyirəm. İnsanların oyun zamanı haldan hala düşməsi əbəs yerə deyil. O dəlilik o çılğınlıq sizə kənardan mənasız görünə bilər. Amma əslində oyunçunun o an beynində dünyalar alt-üst olur. Çünki şahmat oyunu rəqibə qarşı oyun deyil. Şahmatda sən gücünü göstərmirsən. Şahmatda sən özün özünlə oynayırsan. Özün özünə qarşısan. Özünlə müharibədəsən. Və əgər özünə qalib gəlsən qarşındakı insan da məğlub olacaq. Özünə uduzduğun halda isə qarşınakı rəqib ilə oyunu davam etməyin artıq mənası qalmır. Masadan qalxıb, rəqibə əl uzadıb, təslim olub, gedəcəksən. Əsas məsələ özünsən. Sən düşünməlisən rəqibin əvəzinə bütün gedişləri. Sən bilməlisən hər gedişdən sonra ən güclü cavab gedişi hansıdır. Sən öz beynində oyunu dəfələrlə müxtəlif süjetlərlə fırlatmalısan. Sən həmişə özün özünə qalib gəlməlisən. Əgər masada ağlar ilə oynayırsansa beynində qaraların tərəfində olmalısan. Əgər masada qalib gəlirsənsə beynində masada qalib gələni məğlub edəcək gedişləri axtarmalısan. Bu özün-özünlə müharibəyə görə insanlar şahmat oynayırlar. Bu insan beyninin ən ali bacarıqlarının proeksiyasıdır. Bu inanılmaz dərəcədə yüksək bir bacarıqdır. Bu dəfələrlə özünə qalib gəlməkdir. Amma bəzən bu da insana kifayət etmir. Şahmatçılar tez-tez eyni anda bir neçə rəqib ilə oynayırlar. Təsəvvür edin siz - 1 nəfər, qarşınızda 5 şahmat masası, hər birində ayrıca rəqib. Siz bir masada gediş edib keçirsiniz digər rəqibə. Hər bir oyun tamamilə fərqlidir. Hər birində fərqli müharibədir. Hər birində siz özünüzə qalib gəlməlisiniz. Bu bir maniyadır. Bu ali və daxili döyüşdür. Təsəvvür edin ki, bir gün bu da sizə sıxıcı gəlir. Gözübağlı oynamaq istəyirsiniz artıq. Yadınızdadır, bayaq demişdim ki şahmat oyununu yazmaq olur. Masada hər xananın öz adı var. Bu adlar sayəsində gedişləri qeydə ala bilirsiniz. İndi təsəvvür edin ki qeydləri kağızda yox, beyninizdə yadda saxlayırsınız. Daha sonra təsəvvür edin ki, eyni anda 5, 10,15, 20 nəfərə qarşı oynayırsınız. Pol Morfi belə etmişdi. 45 nəfərə qarşı. Gözü bağlı. Qalib gəlməyə başlayırdı. Amma oyun zamanı masalardan birində bir fiqur masadan sürüşüb düşür yerə və o fiqirurun yerə dəydiyi an çıxardığı səs Morfinin beynində bütün oyunları bir-birinə qarışdırır. Tarixdə ilk Şahmat dahisi olmuş Morfi şizofreniyə diaqnozu ilə ömrünü psixoloji xəstəxanada davam edir. Müəyyən müddət sonra isə evində ölü tapılır. Ölüm səbəbi: isti havada çox gəzdikdən sonra buzlu vanna qəbul etməsi nəticəsində insult.
Morfi soldakı balaca uşaqdır
Mənim barəmdə
Mən Morfi oyununun pərəstişkarı olaraq bu Şahmatı sevmişdim. Səhv etmirəmsə 4 yaşımda atam öyrətmişdi məni. Amma özümə rəqib tapa bilmirdim. Çünki bu oyun heç bir tanışıma, heç bir qohumuma maraqlı deyil idi. Bir vaxtlar demişdilər ki guya mənim oxuduğum 61 saylı məktəbdə şahmat dərsləri olacaq, amma olmadı. İnformatika oldu. Şahmatı isə bircə dəfə əmək dərsində plastilindən düzəltdik. Bircə dəfə də məktəbə evdən aparmışdım və bir sinif yoldaşımla oynamışdım. Digər bir uşaq isə gəlib əli ilə bütün oyunu dağıtmışdı. Daha bir də məktəbə şahmat aparmadım.
İllər sonra xalam oğlunu Şahmat dərslərinə aparmağa başlamışdılar. Özümə oyunçu tapmışdım. Onunla oynayırdım. Əvvəl uduzurdum, sonra udmağa başladım və onunla oynamaq mənə artıq sıxıcı gəlirdi. Yeri gəlmişkən o vaxtlar nələrisə bilmədiyimi hiss edirdim. Xalamoğlu debütlar barədə nələrsə deyirdi amma bu mənə kifayət etmirdi.
8ci sinifdə oxuduğum ildən etibarən mən də şahmata getməyə başladım. Çox xoşuma gəlirdi. Müəllimimiz də çox dəqiq və hər detala ilişən bir insan idi. Qələmi niyə belə tutdun, bunu niyə belə yazdın, qapını niyə belə açdın, niyə belə geyinmisən və sair. Müəllim özü oyunun özü kimi yanaşırdı həyata. Hər addım üçün hesab-səbəb tələb edirdi. Həm özündən həm də bizdən. Mənim isə o dönəmdə vaxtım çox az idi. Şahmat dərslərinə getməyə başladıqdan 2cə həftə sonra müsabiqələrdə iştirak etməyə başladım. Şahmatda dərəcələr var. 5-dən 1-ə qədər, sonra isə qroysmeyster. Ən zəif 5-ci dərəcədir. Mən 2cə həftə dərslərə getməyə başladıqdan sonra 3cü dərəcəni qazandım. Bəli. Hazırda mən 3cü dərəcəli şahmatçıyam. Yadımdadır məktəb dərslərini buraxırdım müsabiqələrə görə. İcazə sənədlərini təqdim etməyimə baxmayaraq məktəbdə xoşagəlməz sözlər deyən çox olurdu. Ən çox da Riyaziyyat müəlliməmiz. Bir dialoq çox gözəl yadımdadır:
- Həsənağa, neçə dərsdir yoxsan, xəstələnmişdin? -ironik
- Yox, müsabiqələrdə idim
- Nə müsabiqəsi?
- ….-mən susmaq istədim, çünki müəllimənin ələ salacağını bilirdim. Amma uşaqlar arxadan “Həsən şahmat oynayır” deyə qışqırdılar
- Hə, belə deee.. Deməli şahmat müsabiqələrində idin?
- Bəli
- Hə, necə oldu? Axırdan birinci oldun? Kağızı tərsinə fırlatsaq ən üstdə sən olacaqsan? - ironik, gülərək. Bütün sinif də güldü.
- Yox, 7 nəfərdən 5-inə qalib gəldim. 1 nəfər ilə də heç-heçə
Uşaqlar dəstək naminə alqışladılar. Müəllimə də “Afərin” dedi. Amma bu dəstək, təqdir ifadəsi deyil idi. Yüksəkliyim qarşısında məğlubiyyət ilə razılıq ifadəsi idi. Yəni, deyəcək başqa söz qalmamışdı artıq ona, “Afərin” dedi.
P.S. Bilmirəm Amaliya müəllimə indi mənim barəmdə heç maraqlanırmı, məqalələrimi heç oxuyurmu. Dərs deyirmi görəsən hələ də. Amma 3-cü dərəcə götürəndə ən çox bu “məğlubiyyət afərin”-i məni sevindirmişdi. Mən ona “başqa gediş imkanı” qoymamışdım və o bu kiçik dialoqda məğlub olmuşdu.
Həmin turnirdə 7 nəfərdən yalnız 5-inə qalib gəlmiş olmağımın səbəbi skripka idi. Yarış günlərindən biri skripka imtahan günlərim ilə üst-üstə düşmüşdü. Müsiqi məktəbindən imtahandan çıxıb, əlimdə skripka ilə qaça-qaça Şahmat turnirinə getmişdim. Və gecikmişdim. Hətta zalda bəzi valideynlər “aa sən səhv gəlmisəneeee bala” deyə gülüşürdülər. Gecikmişdim. Oyun isə artıq başlamışdı. Hər oyunçunun ümumilikdə oyun üçün 1 saat vaxtı olur. Gələn kimi yerimi tapıb oturanda saata baxdım. Düz yarım saat gecikmişdim. Qarşımda oturan qızın əlini sıxıb oyuna başladım. Çox tələsdim. Qısa zamanda Vəzir getdi əldən. Mən uduzdum. Çox pis olmuşdum həmin gün. Skripkadan yüksək qiymət almışdım, şahmatdan isə uduzmuşdum. Özü də sırf tələsdiyimə görə. Çox pis təsir etmişdi mənə. Daha maraqlısı bilirsiz nədir? Həmin o gün digər bir oyunda bu depressiya ilə ancaq heç-heçə edə bildim, növbəti yarış günündə qalib gəldiyim bir oğlan isə həmin o qıza qalib gəlmişdi. Yəni mən o qıza uduzarkən, qız bir oğlana uduzmuşdu, mən isə növbəti gün o oğlana qalib gəlmişdim. Təsəvvür edirsiz? Bu nifrət etdiyim zırıldayan zay musiqi aləti üzrə imtahana görə mən şahmatda məndən zəifə məğlub olmuşdum. Sırf tələsdiyimə görə. İndiyə qədər yadımdadır. Sonrakı günlər hər şeyə nifrət etməyə başlamışdım. Hər nə qədər çalışsam da unudum, bu məğlubiyyət beynimdə çox ilişmişdi. Təbii ki sonradan da turnirlərdə iştirak elədim. Uduzduğum da olub, udduğum da. Amma bu hadisə uzun müddət beynimdə ilişib qalmışdı. Sonra da zatən məktəb və abiturientlik məsələləri bir tərəfdən, skripka digər tərəfdən...qısacası şahmatı atdım.
Qayıdaq kinoya
Süjet barədə istəyirəm məlumat verim. Amma artıq dərəcədə xahiş edirəm. Film barədə verilən hər məlumatı “Spoiler” adlandırmağı durdurun. Mənim məqalələrimin altında çox nadir hallarda bu sözü yazırlar, amma yenə də hər ehtimala bir daha xatırladıram. Spoiler film üçün kritik həlledici məqamın danışılmasına deyilir, süjet barədə səthi məlumatı spoiler adlandırmaq kino savadı cəhətdən doğru deyil. Üstəlik mən zatən təhsilimin mənə verdiyi biliklər sayəsində heç bir həlledici məlumatı demədən filmə oxuyucumda böyük maraq yarada bilirəm. Bu filmdə isə belə məqamlar çoxdur.
Süjet özü geniş auditoriyanı hədəfləyib. Yəni siz şahmat barədə tamamilə məlumatsız olsanız da bu maraqlı hekayə sizi özünə çəkəcək, beyninizdə yer alacaq və hətta baxdıqdan sonra azca da olsa oynamaq istəyəcəksiniz.
Süjet
Filmin baş qəhrəmanı Elizabeth Harmon çox kiçik yaşda yeganə valideyni - anasını itirir. Uşaqlar evində yeni həyata başlayan Beth orada süpürgəçinin oynadığı oyun ilə maraqlanır. Bu uşaq evində isə uşaqlara zehni imkanları stimullaşdıran həblər paylayırlar. Qısacası bu balaca qızcığaz oyunu sadəcə kənardan müşahidə edərək artıq hansı fiqurun necə gedəcəyini öyrənir, oyunu tam öyrəndikdən sonra isə beyin funksiyaları gecələr bütünlüklə Şahmat partiyaların analizinə fokuslanır. Gələcəkdə Beth turnirlərə qatılmağa başlayır. Məğlub olduğu da olur, qalib gəldiyi də, güldüyü oyunçular da olur, qorxduğu da, sevdiyi də, pərəstiş etdiyi də. Amma şahmat ilə birgə tanıdığı o həblər Harmon-da pis vərdişlər yaradır. Nəticədə biz ekranda pisvərdişli dahi görürük. Kanonikdir, elə deyilmi? Bütün dahilər bir az dəlidirlər. Beth da elədir. Sherlock kimi, Sheldon kimi. Kinoda qadınlar çox nadir hallarda belə xüsusiyyətlərə malik olurlar. Adətən o qadınlarda aşırı kobudluq, çox anormal itici davranışlar olur. Yəni dəli dahi kişi çox maraqlı görünür amma dəli dahi qadın bir növ süni yamsılamağa bənzəyir. Burada amma belə deyil. Qadın - qadındır. Beth qadındır. Amma dahidir. Amma pis vərdişləri var. Amma siz onu sevəcəksiniz, ona görə narahat olacaqsınız, onun gedişlərini incələmək istəyəcəksiniz.
Yeri gəlmişkən, filmin digər şahmat barədə olan filmlərdən bir böyük fərqi də odur ki, buradaki oyunlar realdır. Yəni şahmat masası kadra sadəcə görünüş üçün qoyulmayıb. Hamısı real oyunlar, real partiyalardır. Gari Kasparov filmin ssenarisi üçün məsləhətçi olub və hətta filmin bədii tərkibi üçün də bir neçə öz əlavələri olub. Məsələn, lift səhnəsi Kasparovun ideyasıdır, filmin sonunda Bethın “Liza” adı ilə çağırılması da Kasparov tərəfindən təklif olunub. Partiyalardan əlavə SSSR səhnələri də Kasparovun ciddi tövsiyyələri əsasında yazılıb və çəkilib.
Bəli, filmdə SSSR də var. Amma sovetlər burada digər amerikan filmlərindəki kimi qaranlıq və qorxulu mağara kimi göstərilməyib. Kadrlar maksimal dərəcədə realistikdir. İnteryer, süjet, o vaxtkı dövrün təsviri. Bütün bunlar həqiqətəbənzərdir.
Burada bir məqama diqqətinizi ayırmaq istərdim. Bunu bəziləriniz çox kiçik spoiler hesab edə bilərsiniz, amma istəyirəm ki hazırlıqlı olasınız və bu məqama xüsusi diqqət edəsiniz:
Elizabeth SSSRə oyunlarda iştirak edərkən ilk günlərdə qapı arxasında cəmi 1-2 qadın pərəstişkar olur, sonra qadınların sayı artır, sonra daha da artır, turnirin son günlərində isə orada artıq çox böyük bir kütlə toplaşır. Və çoxu qadın. Onlar orada oyunu incələyirlər, Elizabethı gözləyirlər, nəticələr üçün səbirsizlənirlər. Çox möhtəşəm süjet parçasıdır. Sadəcə o insanların saylarına və emosiyalarına diqqət edin. Bu çox gözəldir. Bu əsl cinsi bərabərlik nümunəsi hesab oluna bilər. Bu müsbət gələcəyə apara bilər. Çox üstün intellekt tələb edən və əsasən kişi oyunu hesab olunan şahmat ilə bu qədər qadın maraqlanır. Özü də SSRdə. Təsəvvür edin, belə hallar çoxalsa idi gələcəyimiz necə də yaxşılaşardı.
Film barədə deyəcəklərim bu qədər. RottenTomatoes və İMDB bu Netflix məhsuluna dərhal o qədər yüksək qiymətlər yazdı. Mən amma heç vaxt filmlərə qiymət yazmamışam. Təhsil cəhətdən kinoşünas olmağım sayəsində əslində qiymət vermək haqqına 100də100 sahibəm. Amma bunu etmirəm və eləmək də istəmirəm. Sadəcə onu deyirəm ki, bu mini-serial gələcək üçün çox əhəmiyyətli təsir bağışlayıb. Sadəcə hələki biz bunu çox az hiss. Bu bir toxumdur - torpağa səpilib artıq. Nəticəsini 5-10 ildən sonra görəcəyik. Mən demirəm ki, milyonlarla şahmatçı yaranacaq, mən demirəm ki, hər ailədən 1 qroysmeyster çıxacaq. Amma bu oyun insan beynini 1-2 addım daha önə aparır. Nə edəcəyini və niyə edəcəyini sorğulamaq vərdişi yaradır səndə. Bu vərdiş isə heç vaxt heç yana yoxa çıxmır. Beynində bir qapı açılır, və sən artıq oradasan. Oradakı insanlar cəmiyyət üçün daha faydalıdırlar. Oradakı insanlar daha savadlıdırlar, daha dərindən düşünürləür bütün məsələləri və oradakı insanlar dünyanı dəyişə bilərlər. The Queen`s Gambit kinosu isə bizdə oraya getməyimiz üçün həvəs yaratdı.
Orada görüşənədək.
Həsənağa Azad