Könüşün Tom oyunu və Owbike 1.10.0. Və ya Proqram təminatının asanlaşdırılması üzrə Real Case

 My default image 

 

“Nəyisə asanlaşdırmaq dünyanın ən qəliz işi ola bilər” demişdi Steve Jobs. “Biz ilk iPodu elə yaratmalıyıq ki, istifadəçi cihazın istənilən funksiyasına cəmi 3 dəfə düymələrə basmaqla çata bilsin” demişdi o həmçinin. Bizdə isə adətən “sadəlik gözəllikdir” deyirlər. Proqram təminatı sahəsində isə bu heç vaxt belə ola bilməz. Burada sadəlik adilikdir. Gözəllik isə asanlıqdadır. Sadə ilə asan arasındaki fərqi sizə belə izah edim. Qələm. Adi göy qələm. Çernili var. Çubuğabənzərdir və qapağı var. O sadə deyil əslində, o adidir. Düzdür ondan istifadə etmək çox asandır. Lakin funksiyaları məhduddur. Yalnız göy rəngdə yaza bilir. Yazıda isə bizə tez-tez yazdıqlarımızı seçici etmək üçün qırmızı rəng lazım ola bilər.(ələlxüsus söhbət təhsil müəssələrindən gedirsə). Bu qələmin tək seçimi isə göy rəngdir. Bir də o qalın və içində bir neçə fərqli rənglərdə çernili olan qələmi təsəvvür edin. O qələmlərin üst hissəsində müxtəlif düymələr olur və müvafiq düyməni basdıqdan sonra qələm həmin rəngdə yazır. Bu o qədər asan deyil, çünki bu ikinci nümunədəki qələmlər adətən qalın olur, onunla yazmaq narahatdır. Yəni bu ikinci qələm sadə deyil asan da deyil lakin daha çox funksiyası var. İndi bir də təsəvvür edin üçüncü növ qələmi. Ondan da mütləq görmüsüz istifadə də etmisiz. Qələmin hər iki tərəfi yazır. Bir tərəfi göy, digər tərəfi isə qırmızı rəngdə. Qələmin hər iki tərəfi üçün ayrıca qapaqları da olur. Bu qələm istifadədə çox asandır lakin birinci qələmdəki kimi adi deyil çünki düz iki dəfə daha çox funksiyası var. Baxın, bu metafora ilə izah etdiyim 3-cü qələmi yaratmaq əslində daha çətindir. 

 

Bizim ölkədə startap sahəsində insanlar çox vaxt “sadəlik gözəllikdir” sözündən ilhamlanaraq asan əvəzinə adi layihələr yaradırlar. Təbii ki, bir müddət sonra lahiyənin adı da yaddan çıxır. Biz isə Owbike olaraq adi yox, daha yaxşısını daha çox imkanı olanını yaratmaq istədik və daima asanlaşdırma üzrə işlər aparırıq.

 

Bilməyənlər üçün kiçik bir məlumat verim ki, Owbike yerli saytyaratma platformasıdır harada ki, istənilən şəxs heç bir texniki biliklərə sahib olmadan özü asanlıqla professional sayt yarada bilər. Dünyaca məhşur bənzər proqram təminatlarından isə əsas fərqimiz isə ondadır ki, biz daha çox kastomizasiya imkanı təqdim edirik. İstifadəçi saytının hər səhifəsinin hər bir hissəsini ayrı-ayrılıqda istədiyi kimi tərtib edə bilər. Platformamızın imkanları o qədər genişdir ki, siz hətta saytınızın hər bir səhifəsini o qədər fərqli-fərqli tərtib edə bilərsiniz ki, nəticədə bu yaratdığınız fərqli fərqli saytların səhifələri kimi görünəcək. Yəni, qısacası əgər həmin xarici proqram təminatları sayt yaradılışının "Paint"-ıdırsa biz - "Photoshop"-uyuq. Photoshop isə daha çox imkan versə də daha qəlizdir. Bu səbəbdən Adobe şirkəti kimi biz də daima platformamızı daha da asanlaşdırmalıyıq.

Asanlaşdırma isə çox çətindir. Bunun üçün siz istifadəçi davranışları üzrə statistikalar toplamalısınız. Hər bir istifadəçinin proqram təminatınızın harasında necə bir çətinlik ilə üzləşdiyini araşdırmalısınız. Biz platformamızın imkanlarını genişləndirdikcə mövcud imkanlardan istifadəni də daha da asanlaşdırmalıyıq həmişə. Hər ay buraxdığımız update-lardan nəyi dəyişdirdiyimiz barədə məlumat ala bilərsiniz. Ölkənin İT-Startup ekosisteminin absurd şərtlərindən məyuslanmadan hər gün bu çətin işi davam edirik. 



Bir ay əvvəl isə maraqlı bir hadisə ilə üzləşdim

Koronavirus pandemiyası bir çox təhsil müəssələri kimi uşaq baxçalarının da qapısını bağladı. Karantinin ilk bir neçə həftəsini isə bacım qızı Könüş(Konül) bizdə keçirdi. Könüşün cəmi 4 yaşı var. O mənim iPadı-mdan çox rahat istifadə edir. Hər nəqədər də olsa Apple həmişə maksimal dərəcədə asan edir öz həllərini. Könüş Youtubeda cizgi filmlərinə baxır, özü necəsə orda uşaq tədrisi üçün verlişlər tapıb izləyir və təbii ki oyunlar oynayır. İstədiyi oyunları isə onun üçün AppStoredan mən köçürürəm. iCloud şifrəm çox uzundur, Könüş isə hələ elə şifrəni yadda saxlayıb özü yazab bilməz. 

Bir dəfə onun üçün Tom oyunu yazdım.  Məlumatınız var yəqin, görmüsüz bu oyunu, pişikdir, sən deyirsən və o təkrarlayır. Amma Tom əslində o qədər də primitiv deyil. Pişiyi yedizdirək, vaxtaşırı çimizdirmək, yatızdırmaq, sığallamaq lazımdır. Üstəlik Tomun geyimlərini də idarə edə bilərsiniz. Hələ bu qədər funksiya yetmirmiş kimi Tom oyunun içində müxtəlif mini-oyunlar da var(2048,puzzle, şarlar və s).

Daha öncə heç vaxt Könüşün bir oyun ilə tanışlığını izləməmişdim. Sadəcə appstoredan yükləyirdim, Könüş proqress barının bitməsini gözləyirdi və sonra oyunu açıb, gedib kənarda rahat oturub onu oynayırdı. Burada vacib məqam var. Könüş oyun yüklənildikdən sonra onu mənim yanımda açır sonra gedir. İlkin “poster” deyəsən onun üçün çox vacibdir. Oyun ilk dəfə necə açılırsa o da dərhal qərar verir, oynayacaq bunu yoxsa yox. 2-3 saniyə baxır və ya “yo, bu pisdi, başqasını yaz” deyir, ya da sakitçə gedib rahat oturub oynayır. Bu dəfə Tomu yazanda nəsə mənə maraqlı oldu, dedim yanımda oturub oynasın və onu izləməyə başladım. 



Oyunun istifadəçini özü ilə tanış etmə strategiyasını çox bəyəndim. 

Deməli bu qədər funksiyası olan oyun ilk açılanda ekranda sadəcə bir pişik olur və pişiyi sığallayan əl ikonu. Başqa heç bir düymə yoxdur. Könüş baxır pişiyə, pişiyin üstündə yuxarı-aşağı hərəkət edən ələ və onun kimi təkrarladır, ekranı barmağı ilə sığallayır.  Pişik sığallanıldıqda mırıldamaya başlayır. Pişik gülümsəyir, Könüş gülümsəyir, hər kəs xoşbəxtdir. Pişiyin xoşbəxtlik dərəcəsini göstərən yeni bir element yaranır və elementin içərisindəki proqress bar tam doludur. Daha sonra yemək ikonu gəlir, pişik ac olduğunu göstərir. Könüş yemək ikonuna basır, pişik indi mətbəxdədir və qarşısında yemək var, yeməyin isə üzərində yenə də əl ikonu gəzir. Könüş ələ baxır, pişiyə baxır, pişik bizə baxır, mən könüşə baxıram, daha sonra pişiyə baxıram, könüş yenə ələ baxır və sonda barmağı ilə ekranda yeməyi tutub pişiyin ağzına tərəf uzadır.  Pişik yedi indi də tualetə getmək istəyir və ekranın aşağısında tualet ikonu peyda olur. Əvvəlki iki digər ikon isə hələ də ekranda qalır. Könüş ikona basaraq bu virtual evin tualet otağına keçir. Pişik ordadır artıq və könüş heç düşünmədən əl ikonunun göstərdiyini edir və pişiyi “əziyyətdən qurtarır”.

 

Oyun bütün digər hələki görünməyən elementlərini də beləcə bir-bir ssenariyə uyğun çıxarır və sonda istifadəçiyə oyunun bütün imkanlarını bir pəncərədə təqdim edir.




Bizdə bu necə idi

Daha öncəki versiyalarımızda istifadəçi öz saytının admin panelinə girdikdə ona platfromanın bütün onun tarifi üçün açıq olan imkanları dərhal təqdim olunurdu. İstifadəçi öz panelinə ilk dəfə daxil olduqda isə ona “Köməkçi” adlandırdığımız elementlər saytının hər bir hissəsinin haradan idarə olunmasını izah edirdi. Köməkçilər kiçik modal pəncərələrdən ibarətdir. Tooltip də adlandıra bilərsiniz lakin bu asanlaşdırma vasitəsinin əsl adı Handholding gedir. HandHolding vasitəsi ilə siz sanki istifadəçinin əlindən tutaraq onu öz proqram təminatınızda gəzdirirsiniz. Ona hər bir elementin necə işlədiyini, nə işə yaradığını izah edirsiniz.

Bizim köməkçilərin üzərində kiçik bir izahedici mətn, ok düyməsi və köməkçinin birdə təkrarlanmaması üçün checkbox var idi. Köməkçilərin hər biri platformanın müvafiq hissəsinə işarə edir, məlumat verir, bəzən isə istifadəçidən həmin hissəyə daxil olub nəsə eləməsini istəyir.



Owbike saytyaratma platformasında Detallı baxış üzərində çıxmış köməkçi 
Admin panel 1.10.0 versiyasına qədər


Bu vasitə əslində yetərsiz olduğunu bizə çox göstərib lakin Könüşün Tom oyununa qədər biz bundan daha yaxşı bir ideya tapa bilmirdik. Bəli, bir çoxları deyir və deyəcək ki, platformanın istifadə qaydasını izah edən videolar hazırlayaq və əslində bu səmtdə də işlərimiz gedir. Lakin video çox pis həlldir. 

 

Tutorial tipli videoların mənfi cəhətləri:

  1. Istifadəçi hər dəfə videodan nəsə öyrənmək üçün hər bir hərəkətdən sonra onu pauzaya qoyub əməliyatı özü də gerçəkləşdirməlidir.

  2. Videolar çox limitli bir məqsəd üçün uyğun olurlar və həmin məqsəd spikerdən asılı olur. İstifadəçi çox vaxt istədiyi həlli videoda tapa bilmir və ya o başlayır mətn formatında məlumatlar axtarmağa ya texniki dəstəyə yazır ya da ki ümumiyyətlə proqramı kənara atıb gedir daha asan həll axtarmağa.

  3. Videolar proqram təminatının inkişafını dayandırır. Siz videonu bu gün çəkib sabah proqramınızı daha da asanlaşdıra bilməzsiniz. Çünki videoda proqramın öncəki versiyası üzrə təlimat var. İstifadəçi videoda başqa, proqramda başqa bir interfeys görsə bu video öz faydasını itirəcək. Bu səbəbdən siz ya gərək hər bir dəyişiklikdən sonra yeni bir video hazırlayasınız ya da ki, proqram təminatında update-ları çox gec-gec edəsiniz.

Bu səbəblərdən biz Könüşün təcrübəsini öz yeni versiyamızda istifadə etdik.



1.10.0 versiyasında nələr etdik

Arıtq Admin panel ilk dəfə açıldıqda bir çox idarəetmə elementləri gizli qalır. Bir çox düymələr, məlumat verən hissələr, hətta admin panelin əsas məqsədi olan tətbiqlər belə istifadəçinin nəzərindən gizlidir. Bu elementlər artıq bir-bir açılır. Və açıldıqdan sonra dərhal ona işarə edən və nəyə yaradığını göstərən köməkçi çıxır. Artıq köməkçilər interfeysdən yox, interfeys köməkçilərdən asılıdır. Həmçinin köməkçilərin üzərindəki “Təkrarlatma” seçimini də yığışdırdıq. Məsələ burasındadır ki, istifadəçi köməkçiyə baxıb dərhal orada göstərilən işi yerinə yetirməlidir. OK düyməsi onun üçün 1 saniyəlik fasilə yaradanda bu o qədər də problemli deyil. Lakin checkbox-a basmaq artıq bu fasiləni 2-3 saniyəyə uzadır. Və nəticədə istifadəçinin fikri qırılır. Köməkçidə nəyin yazılması qismən və ya bütünlüklə yadından çıxır və nəticədə funksiya çoxluğu funksiya kəsatlığı yaradır. 

Köməkçilərin dizaynında da dəyişiklik elədik. Düyməni bizim platformanın əsas rəngi olan göy rəngdə elədik. Rəng çoxluğu da istifadəçiyə mane ola bilər. Əvvəllər köməkçi çıxarkən arxa fon qaralırdı, köməkçinin işarə elədiyi hissə isə ağ olurdu. Fokus cəhətdən bu yaxşıdır lakin qaranlıq istifadəçiyə mənfi görünə bilər. Biz isə bilirik ki, Uİ tərəfinin pozitivliyi UX tərəfinə ciddi təsir göstərir. Ona görə də fonu ağ rəngdə elədik. Ağ “pərdə” həm daha pozitivdir, həm bizim brend rənglərimizə daha uyğundur həm də ki, ağ rəng həmişə istifadəçiyə interfeysi daha asan göstərir(Boşluq insanın şüuraltına rahatlıq kimi təsir edir).


Detallı baxış screen 

Admin panel 1.10.0 versiyası 

 

Sizə bizim Köməkçilərin çıxış növbəsini əks edən cədvəldən bir parçanı göstərmək istəyirəm. Cədvəl gamification adlanır və biz işimizdə belə cədvəllərdən çox istifadə edirik. Cədvəldə əks olunanları anlamaya bilərsiniz və əslində onun Gamification adlanması da doğru deyil. Gamification üçün proqram təminatında proqress barlar, ratinglar, mükafatlandırılma və digər məqamlar da mövcud olmalıdır. Amma fayl mənim böyük planımın hələki kiçik bir hissəsini əhatə edir. Odur ki, buyurun:

 

Köməkçiləri əks edən cədvəl 
Gamification cədvəlindən bir parça


Owpages

Köməkçilər üzərində dəyişiklik və elementlərin sıra il əks olunmasını reallaşdırmaqdan savayı tətbiqlərdə də dəyişikliklər elədik. Owbike platformasında hər kontent növü üçün ayrıca tətbiq var. Owpages-da saytın səhifələrini yarada bilirsiniz. Bizim bu artıq elementlərdən qurtulma məsələsinin qarşısında tətbiqin bir neçə qüsuru da dururdu. Məsələn, siz saytınızın səhifəsinin daxilini redaktə edən zaman solda saytın bütün səhifələrinin siyahısı əks olunurdu.  Bu yeni strategiya baxımından o siyahı zərərli idi. İstifadəçi hazırda sırf bu səhifənin üzərində işləyirsə o siyahı daha çox element daşıdığına görə istifadəçiyə həm tətbiqi daha qəliz göstərir həm də ki onda diqqət pozuntusu yaradır. Tətbiqin o hissəsini yaradarkən dedik elə dizaynını da yeniləyək və bir sıra başqa yeniliklər də elədik.


Owpages tətbiqinin köhnə dizaynı 
Owpages köhnə versiya




My default image  

Owpages yeni versiya 




Ümüd edirəm məqalə sizin üçün faydalı oldu. Bütün bu qeyd olunanlar əslində kommersiya sirri və Know How hesab oluna bilər, lakin mən bunu sizinlə paylaşmaq istədim.Həmçinin özünüz də yəqin bilirsiz ki, bizdə belə mövzularda məqalə tapmaq ümumiyyətlə mümkünsüzdür. Ona görə də əgər təcrübəmizi sizinlə paylaşmağım ürəyinizcə oldusa və daha çox belə məqalə istəyirsinizsə repost-unuzu əsirgəməyin və paylaşdıqda mümkünsə məni tag edin, ki gəlim kommentləri də oxuyum :)

 

Təşəkkürlər

 

Həsənağa Azad

 

Oxunulub: 2017