Faydalı startap inkubator modeli

My default image 

 

 

 

Model barədə qısaca.

Bu material vasitəsi ilə mən Həsənağa Azad Azərbaycan İT ekosistemi reallıqlarında faydalı startap inkubatorun nələrə malik olmalı olduğunu izah edirəm. Yazılanlar şəxsi subyektiv fikirlərim, yerli startapların istəkləri, yerli ekosistemin tələbləri, gənclərin baxışları, inkubatorların fəaliyyətindən çıxardığım nəticələr və digər ölkələrdəki ekosistemlərdə buraya uyğun gördüklərim əsasında yazılmışdır. Təklif etdiyim model “içəridən iştirakçı” baxışını əks edir. Həmçinin qeyd etmək istəyirəm ki, mən bir startapçı kimi inkubasiya dövrünü bitirmiş olduğum üçün burada yazılanları öz startapım üçün deyil, gələcək nəsillər üçün tövsiyyə edirəm. Xahiş edirəm, startap inkubator yaratmaq istədikdə bu modeli təkliflər toplusu kimi qiymətləndirəsiniz. Öncədən təşəkkürlər.



1. Qazanc məqsədi

İnkubatorun başlıca məqsədi qazanc olmalıdır. Töhfə vermək, PR qazanmaq və ya inkubatoru  KSM məqsədi ilə yaratmaq faydasızdır.

Səbəb: İnkubatorun məqsədi qazanc olmadıqda onun startaplardan gözləntiləri də cüzi olur. İnkubatorun səbəbi sadəcə töhfə vermək və PR qazanmaqdan ibarət olduqda nə startap üzərində məəsuliyyət hiss edir nə də ki, inkubator bu fəaliyyətdən qazanc əldə edərək ömrünü uzadıb genişlənə bilir. Bundan əlavə İnkubatorun xərcləri durmadan artığı üçün startapdan da işinə fokuslanıb gəlirli olmasından daha çox “səsküy salıb” həm özünə həm də ki, nəznində olduğu inkubatora boş PR qazandırması tələb olunur.

Təklif: İnkubator Startap qəbul etdikdə müqavilələrdə gələcək gəlirlərin 10%-inin inkubatora veriləcəyi qeyd olunmalıdır.

 

 

2. Minimal ofis dəstəyi.

 

Ölkə daxilində və xaricdə də inkubatorların verdiyi ən vacib dəstək ofis dəstəyidir. Ofis dəstəyinə nələr aiddir:

  • startapın işləməsi üçün fiziki məkan.

  • Masa və oturacaqlar, 

  • lövhə, 

  • fasiləsiz internet, 

  • məkanın şəhər daxilində və hər hansı metro stansiyaya 5 dəqiqə piyada yaxınlığında olması

  • Ofisin 7/24 açıq olması

  • Mətbəx

  • Istirahət otağı

  • Telefon

  • Ödənişsiz poçt-kuryer xidməti

  • Bloknot,dəftər,qələm,vizitkartlar,broşürlər və sair çap məhsulları(startapın öz logosu ilə)

  • Tez-tez tövsiyyə olunan və hər bir sahibkar üçün faydalı hesab olunan biznes kitablar.(Məsələn Eric Ries - lean startup) 

Səbəb: Ofis məqamı əslində ən vacib məqamlardan biridir. Çünki investorlar startaplar ilə maraqlandıqda xərclər siyahısında startapın ofisə ehtiyacını gördükdə bu xərcdən imtina edirlər. İnvestorlar hesab edirlər ki, startap şəxsi ofisdə deyil hər-hansı inkubatorda ofisləşməlidir.




3. Startap komandasının üzvlərinin kənar işi olmamalıdır.

 

Bu məqama demək olar ki heç bir yerli inkubator əhəmiyyət vermir. Bəzən isə əksinə startap üzvünün kənar işinin olması hətta alqışlanır da. Bu yolverilməz bir haldır və startapı süqutdan başqa heç bir nəticəyə aparmır. Qeyd etmək lazımdır ki, bəzən yerli ekosistem üzvləri global bazarda kənar işi ola-ola startap qurmuş və uğur qazanmış şirkət adları çəkirlər. Lakin onlar belə keyslərin global bazarda da nadir baş verməsini və kənar faktorları bizim yerli ekosistemdə olmadığını nəzərə almırlar.

Səbəb: Startap üzvünün hər-hansı kənar işi olduqda şəxsin startapın uğurundan asılılığı olmur, daha rahat olur və startapın gələcəyini o qədər də önəmsətmir, hər nə qədər danışdıqda əksini deməyə çalışsa da. İkinci səbəb isə ondadır ki, startap üzvünün əlavə işi olduqda startapa daha az vaxt qalır. Üstəlik üzvün fiziki və mənəvi gücü də qalmır və bütün bunlar sonunda startapın bütün komandasına mənfi təsir göstərir və komanda zəiflədikdə startap da təbii ki süquta yönlənir. 

Təklif: Startap qəbul edildikdə müqavilələr hər bir üzv üçün ayrıca yazılmalıdır və bu üzvlərin kənar iş ilə məşqul olmaları müqavilə ilə qadağan olmalıdır. Startapın hər-hansı üzvü kənarda iş tapdıqda üzv startapı tərk etməlidir və bu məqam gələcəkdə bu startapa aid qərarlar qəbul edildikdə də nəzərə alınmalıdır.

 

 



4. Komanda üzvlərinin sayı 1-5 nəfər olmalıdır.

Tez-tez yerli inkubatorlar xarici təcrübəyə əsaslanaraq 2-3 nəfər limiti tətbiq edirlər. Bu limitlər yerli ekosistem şərtlərinə uyğun deyil. Hesab edirəm ki, startapçı tək müraciyyət etdikdə də ona komandasına əlavə şəxslər qəbul etməsi üçün şərait və vaxt verilməlidir. Həmçinin yerli resursların az olmasını nəzərə alaraq, ələlxüsüs vaxt baxımından startap özü üçün qoyduğu tapşırıqların yerinə yetirilməsində çətinlik çəkdiyi üçün ona maksimum 3 deyil 5 nəfərlik komanda qurmaq imkanı verilməlidir. Bu imkan ofis şəraitlərində də öz əksini tapmalıdır

Səbəb: Startap mövzusu yetərincə tanınmadığı üçün, texnologiyalara və sahibkarlığa marağın az olduğu üçün və gənclərin sərbəstiliyində, və ünsiyyət qurmalarında ciddi problemlər olduğu üçün ideyalı insanlar həmfikir tapmaqda çətinlik çəkirlər. Bu gənclərə bu problemi həll etmək üçün ilkin dəstək verməkdə problem yoxdur. Tək onemanshow olaraq müraciət etdikdən sonra ideyasında əminlik qazanmış və peşəkarlar tərəfindən müsbət rəy almış şəxs startapına daha tez digər üzvləri də cəlb edə biləcəkdir. Maksimal üzv sayının 5 olmasına gəldikdə isə, əsas səbəb ondadır ki, dünyaca qəbul olunmuş fakta əsasən “startapda heç kəs heç nə bilmir və hər kəs hər işi görür”. Bizim reallıqda isə “startapda hər kəs heçnədən daha az bilir” ona görə də işlər çox zəif sürətlə irəliləyir. Startapçı bu problemi aradan qaldırmaq üçün daha çox üzv cəlb etmək istədikdə isə inkubatorun limitləri ona maneələr törədə bilər və sonda bu startapı süquta bir addım daha yaxın edir.

 



 

5. 3 ay ərzində hər hansı gəlir

Startap qəbul olduqdan 3 ay sonra hər-hansı gəlir əldə etməlidir. Bu gəlir maddi olmalıdır, lakin heç bir minimal-maksimal məhdudiyyətlər olmamalıdır. Yəni startap 3 ay sonunda 10 manat da olsa 100 manat da olsa, və hətta startapın xərcləri ilə müqaisədə bu gəlir mənfi nəticə göstərsə də, startap hər-hansı tam rəsmi bir gəlir əldə etmiş olmasına dair sənədləri inkubator koordinatorlarına nümayiş etməlidir.

Səbəb: Əgər 3 ay ərzində startap heç bir gəlir əldə etməyibsə demək işlər sadəcə özfəaliyyət ilə kifayətlənir və inkubator bu fəaliyyətdən gəlir əldə edə bilməsi sual altındadır. Nəticələr mənfi olsa da gəlirin olması (məsələn xərc 100 azn, gəlir 10 azn) bizə Amazon AWS nümunəsində startapın əslində perspektivinin olmasını göstərir.

 

 



6. Killer-lər əvəzinə Mentorlar
Startapları hər hansı uğurlu və ya uğursuz şirkətlərin sıravi işçiləri ilə, tanınmış marketoloq və ya digər sıravi mencerlər ilə, freelancerlər ilə, ekosistemdə tanınan amma bu tanınmasını sadəcə hər hansı əlaqədar mərkəzdə aylıq məvacibinə borclu olan insanların çıxışları, şərhləri üçün məşqul etmək lazım deyil. Bunlar nəinki boş mənasız vaxt sərfiyyatı, habelə səhv tənqid və təkliflərə həmçinin inkubatorun çəkəcəyi faydasız mentorship xərclərinə gətirir. Startaplar üçün xarici bazarlarda ekspertlik qazanmış amma yerli ekosistemdə heçnə satmamış insanları da cəlb etmək lazım deyil. Bu insanlar birincilərdən daha böyük xərclərə və daha mənasız təklif-tənqidlərə gətirib çıxarırlar. Startapları “uğursuzluq keysləri” ilə də məşqul etmək lazım deyil. Adətən bu keysləri danışan şəxslər özləri belə bu uğursuzlulardan nəticə çıxara bilmədiklərinə görə bu uğursuluğu paylaşmaq da startapçıya vaxt sərfiyyatı, inkubatora maddi sərfiyyat həmin uğursuza isə PR xarakterli qazanc gətirir. Habelə belə insanları juri, mentor və ya ekspert kimi də qələmə verib cəlb etmək yalnız mənfi təsir göstərir. Amma belə insanlar ilə əlaqə saxlamaq asan olduğu üçün və onlar çox tanındıqları üçün onları tez-tez mentor olaraq cəlb edirlər. Bu şəxslərdən imtina edib startapları real sahibkarlar ilə görüşdürmək və UĞURLU keys-lar paylaşmaq lazımdır. “Necə etmək lazım deyil ?” sualına cavabı startaplar özləri də öz təcrübələrində asanlıqla tapa bilərlər. Onlara “Necə etdim və uğurlu oldu?” suallarına cavabı artıq kimlərsə danışmağa başlamalıdır. Həmçinin belə insanlar tez-tez juri olaraq cəlb olunur və startapları asanlıqla “baltalayırlar”, ki bu yolverilməzdir. Ekosistemin hazırki şərtlərində startaplara əksinə məsləhət, yönləndirmə və dəstək verilməlidir. Baltalayan kənar faktorlar kifayət qədar var.

Səbəblər: Vaxt israfı, pul israfı, startapı yalnış tərəfə aparan məsləhətlər. Düzgün şəxsləri - uğurlu sahibkarları tapmaq daha çətindir. Lakin sahibkarlar mentor qismində cəlb olunarsa həm özləri biznes sahəsində olduqları üçün məsləhətləri daha inandırıcı olacaq, həm də ki bu onlar üçün potensial investora çıxış mərhələsini sürətləndirə bilər.

 

 

 

 



7. Ideyalı saf entuziastlar gəlməlidir.

Yerli ekosistemdə bütün inkubatorlar, akseleratorlar və startap mövzusu ilə əlaqədar qürumlar hamısı ekosistemi qurmaq-yaratmaq deyil, yox dərəcəsində olan bir strukturu inkişaf etməyə çalışırlar və dəstəyi dəstəyi ehtiyacı olmayanlara göstərirlər. Qısacası ekosistem qurmaq üçün tələb olunan addımlar edilmir. İştirakçılar ekosistemi inkişaf etmiş ölkələrə baxıb oradan hazırki modelləri buraya gətirirlər lakin bizim bir neçə addımı buraxmış olduğumuzu, gecikmiş olduğumuzu və ekosistemin bu “kopyalanma” üçün hazır olmadığını nəzərə almırlar. Startapların qəbulu proqramlarında müraciyyət edənlərdən çox biliklər tələb olunur. Sual-cavab sayəsində onların peşəkarlıq dərəcəsi yoxlanılır. Özünü və startapını peşəkarcasına təqdim edə bilən şəxslər peşəkarlığının tələb etdiyi yatırımları və dəstəkləri görmədikdə bu işlərən uzaqlaşıb hər-hansı şirkətdə iş tapmağı seçirlər. Mənim “saf entuziast” adlandırdığım insanlar isə adətən peşəkar olmadıqları üçün rədd cavabı alırlar, daha sonra peşəkar olmadıqları üçün rədd cavabının əsassız olduğunu düşünürlər və nəsə edə biləcəklərinə inanırlar, bu inanc onları işləməyə sövq edir və onlar sonunda işləyərək həm peşəkarlaşırlar həm də ki startapları ilə müvəffəqiyyətə nail olurlar. 

Səbəb: Hazırki ekosistem şəraitləri yalnız bu şəxslər üçün çox uyğundur, çünki onlar buraya uyğun olmadıqlarının fərqində deyillər.

Təklif: İnkubasiya proqramının elanlarından tutmuş juri seçimlərinə qədər tələb kriteriyalar maksimal dərəcədə asan olmalıdır. İstənilən tələbənin baş düşəcəyi terminlərdən istifadə olunmalıdır. Qəbul zamanı heç bir biznes plan, marketing strategiyası və ya digər peşəkar biliklər soruşulmamalıdır. Suallar yalnız müraciət edən startapçının ideyasının ətrafında onun şəxsi təsəvvürlərini, məqsəd və istəklərini əhatə etməlidir. Bunun nəticəsində həmçinin təşviqat prosesi də dəfələrlə asanlaşacaq və inkubasiya proqramının PR xərcləri bir az zəifləmiş olacaq.

 

 



8. Bir ay ərzində prototip hazır olmalıdır.

Minimal işlək satılabilən məhsul bir ay ərzində artıq tam hazır olmalıdır. Gecikmə yaranarsa startap ya nəyi necə edəcəyini  bilmir, ya startapa yetərincə vaxt ayırmır, ya da ki startapın komandası qoyulan məqsəd üçün zəif və ya kiçikdir. Bir ay məhsulun prototipinə sərf olunmalıdır ki, növbəti 2 ay məhsulun satışına yönəldilsin. İlkin prototip xətalı(buglar) çox cılız, minimalistik və hətta qüsurlu da ola bilər. Hər bir startapın əsas məqsədi hər-hansı problemə həll tapmaqdırsa adətən 1 ay ən zəif minimalistik formada olsa belə bütün digər şərtlər nəzərə alındığı halda primitiv prototipin yaradılması üçün kifayət edir.

Səbəb: Əgər 1 ay ərzində məhsul hazır deyilsə startapın komandasında problemlər var. İşlərin belə davam etməsi İnkubatorun xərclərini artıracaqdır.

 

 

 



9. Kompüterlər və proqram təminatı.

Startapların komandaları müasir standartlara cavab verən notbuklar ilə təmin olunmalıdırlar. Həmçinin İnkubatorun koordinatorları müasir virtual servislər, proqram təminatları və sair xidmətlər təklif edən global şirkətlərə müraciət edərək bir inkubator kimi həmin proqram təminatlarını bu startaplara ödənişsiz təqdim etmək imkanını əldə etməlidirlər. Məsələn Facebook, Google, Amazon kimi şirkətlərin startaplara birbaşa və inkubatorlar vasitəsi ilə təklif etdiyi dəstəklər var. Bu dəstəklər ilə inkubator özü maraqlanıb, aşkar edib startapçılara ötürməlidir.

 



10. Minimal maaş

Startap komandasının üzvlərinə ölkə üzrə qəbul olunmuş minimal məvacib qədərində aylıq ödəniş olunsun.

Səbəb:  Yerli ekosistemdə startaplara zərər verən ən böyük amillərdən biri startapçılara valideynləri tərəfindən edilən və normal hesab olunan basqıdır. Tələbələr və gənclər hər-hansı işə düzəldikdə hətta öz məvaciblərini “evə” ötürlər və sonradan maddi istəkləri yarandıqda valideynlərinə müraciyyət edirlər. Bu hal çox geniş yayıldığından və norma hesab olunması səbəbi ilə əgər gənc dərsdən əlavə hər hansı fəaliyyət ilə mütəmmadi məşquldursa buna görə “evə” pul verməlidir. Bu problem, ölkədə sahibkarlıq fəaliyyətinin zəif olması və nəsillərin maraqları arasında dəhşətli fərqlərin olması startap ilə məşqul olan gəncləri İT adamları və sahibkarklardan daha çox valideynlərini inandırmaq məcburiyyəti qarşısında qoyur. Nəticə etibarı ilə gün boyu vaxtını startapa ayıran gənc hətta startapı qarşısında qoyulan məqsədləri düzgün vaxtlarda yerinə yetirdiyi halda belə, evə getdikdə mübahisələr, sorğulamalar və sair basğılar ilə üzləşir. Nəticə etibarı ilə bu məqam startapa ciddi zərbələr vurur. İnkubator startapçını minimal qazanc ilə təmin etdikdə startapçılar həm valideyn basğısından azadlıq qazanaraq işlərinə fokuslana biləcəklər, həm inkubatorun startaplar üçün dəyər və əhəmiyyəti dəfələrlə yüksəlmiş olacaq, həmçininin bu startapçıda əlavə motivasiya məqamı da yaratmış olacaqdır.

Təklif: Startapın üzvləri ilə inkubator arasında əmək müqaviləsi imzalansın. Müqavilədə (startapın qorunması üçün) işin icrası üzrə bütün müəllif hüquqrarının işçidə olması qeyd olunsun və startapın özü iş tapşırığı kimi yazılsın. Bütün digər məqamları da hüquqi şəkildə tənzimlətmək mümkündür.

 

 

 


 

Müəllif: Həsənağa Azad