The Witcher 1 (2007) (+18)
08.02.2022
Serialı tam anlamaq üçün oyunu oynamalı oldum.
Və oynayarkən hər bir dəqiqəsindən həzz aldım. Oyunun əsas süjeti çox dolğundur, çox maraqlıdır. Əlavə kiçik süjetlər isə səni daha dərinə çəkir və bütünlüklə özünü bu fentezi atmosferli hekayənin bir parçası kimi hiss edirsən. Döyüş tərzi də çox fərqlənir. Silahlar, müxtəlif bacarıqların tənzimlənməsi, sehirli güclər, fərqli silahlar, kitablar, reseptlər, eleksirlər, müxtəlif qulyabanılar və s. Ən maraqlısı isə odur ki, mən bu oyunu fanatlar tərəfindən yaradılmış ensiklopediyanı oxuyaraq oynayırdım. Bir ekranda wiki, digərində oyun. Bu bir qədər cığallıq kimi oldu, amma mənim çox xoşuma gəldi. Oyunda o qədər kiçik detallar var ki, o detalları anlayaraq oynayanda özünü eyni zamanda bir araşdırmaçı kimi hiss edirsən. Süjeti keçmək üçün hansı boss ilə dalaşmaq lazımdır, hansı boss ilə dalaşmaq üçün hansı eleksiri içməlisən, o eleksir üçün hansı inqridientlər lazımdır, o inqridientləri əldə etmək üçün kimləri öldürməlisən və s. Bu suallar dövrü bütün oyun boyunca davam edir və sən araşdıraraq oynayırsan, oynayaraq araşdırırsan. Bütün bunlar barədə ümumi danışacağam. Heç bir spoilerə də ehtiyac olmayacaq. Çünki oyun o qədər maraqlı detallarla doludur ki, süjet barədə heç nə demədən saatlarla oyunun özü danışa bilərik.
Kitablar
Məncə kitablar oyunun ən vacib tərkib hissəsidir. Personajlar arasında sözü gedən rəvayət barədə bir az daha ətraflı oxumaq istəyirsənsə - bu barədə sözü gedən kitabı tapmalısan. Oyunda müxtəlif sinif qulyabanılar var. Onları öldürmək üçün də hansı taktikanın daha uğurlu olacağını öyrənmək istəyirsənsə gedib o qulyabanılar barədə danışan kitabı tapmalısan. Bəzən kitabı kitabsatanlardan alırsan, bəzən kitabı sənə hansısa personaj verir, bəzən sandıqlarda və ya kiminsə evində şkafta tapırsan. Kitabları kitabsatanlardan almaq üçün sənə Orenlar lazım olacaq. Orenlar oyunun daxili məzənnəsidir. Yeri gəlmişkən, satıcılar çox xəsisdirlər. Kitabın satış qiyməti ilə alış qiyməti çox fərqlənir. Beş qat, on qat qiymətə satırlar, geri alanda isə qəpik-quruşa alırlar.
Həmçinin kitablarda reseptlər var. O reseptlərlə eleksirlər hazırlamaq olar.
Eleksirlər
Cadugərlər eleksirlərlə döyüşürlər. Can artıran eleksir var, güc artıran eleksir var, əlavə bacarıq qazandıran eleksir var. Eleksirlər müxtəlif inqridientlərdən və spirtdən hazırlanılır. Spirt isə burada boldur. Ala da bilərsiniz, tapa da bilərsiniz. Elə spirtli içki var ki, yalnız içmək üçündür. İçirsiz, piyan olursuz və gəzəndə yıxıla-yıxıla yeriyirsiniz. Piyan Gerald ilə oynamaq çox maraqlıdır. Eləsi də var ki onu eleksir üçün istifadə eləmək olar. Hər eleksir üçün resept lazımdır. Tonqal qarşısında oturursunuz və reseptə əsasən bişirirsiniz. Daşıya biləcəyiniz eleksir sayı da limitlidir, inqridient sayı da. Ona görə də dəqiq bilməlisiniz sizə hansı eleksir nə zaman lazım ola bilər.
Qulyabanılar
Maraqlı təsadüf: tərcümə kustar səslənsə də, əslində witcher dünyasında ölülərin ətini yeyən canlılardan birinin adı "Qul-"dur. Ona görə də ümumilikdə belə təhlükəli olan, nə insan nə də hevan olmayan canlılar üçün Qulyabanı sözü məncə ideal tərcümə oldu.
Onlar müxtəlif siniflərə bölünürlər. Hər qulyabanının öz döyüş tərzi, gücü və müxtəlif fərqli cəhətləri var. Tək ümumi cəhətləri odur ki, onları öldürmək üçün cadugər gümüşü qılıncdan istifadə etməlidir. Yeri gəlmişkən, cadugərin bir neçə silah slotu var. Əsasən iki silah sizə lazım olacaq. Biri gümüşü qılınc, digəri dəmir qılınc. Üstəlik bəzi qulyabanılara özər məhlullar var, hansıları ki, qılınca yaxaraq onun həmin qulyabanıya təsir gücünü artırmaq olar. Qulyabanılar öldükdə onlardan müxtəlif inqridientlər düşür. O inqridientlərlə eleksir hazırlaya bilərsiniz və ya missiyalar(kontraktlar) üçün istifadə edə bilərsiniz. Boss tipli qulyabanılar da var. Gerald onların başını trofey kimi götürür və xüsusi bir personaja verərək Orenə sata bilər. Yeri gəlmişkən, qulyabanı başı üçün bir slot var. Ona görə də oynayanda heç vaxt bir başı satmamış digər boss qulyabanını öldürməyin. İkinci baş üçün yer olmayacaq. Gedib qayıtsanız - baş yoxa çıxacaq və missiya əldən gedəcək.
Missiyalar
Oyunda əsas süjet missiyaları, Kontraktlar, və mini oyunlar var. Əsas süjet missiyaları hekayədən asılıdır. Adətən kimisə xilas etməlisiniz, kimisə öldürməlisiniz və ya nəsə toplayıb harasa aparmalısınız. Hərdən limitli vaxt ərzində hansısa əşyaları müvafiq əraziyə aparıb lazımlı yerə qoymağınız tələb oluna bilər.
Kontraktlar
Kontraktlar adətən hansısa qulyabanıları öldürmək barədə olur. Kontraktları tavernaların(pub) qarşılarındakı lövhələrdən toplaya bilərsiniz. Məsələn kontrakt deyir ki, 10 ədəd Alqul öldürüb qanını filan personaja verməlisiniz. Bu tapşırıq üçün gərək Alqulların harada toplaşdığını öyrənəsiniz, alqulların gündüz və ya gecə çıxdığını öyrənəsiniz, tonqalda hər ehtimala bir-iki can artıran və güc artıran eleksir düzəldəsiniz, tonqal başında meditasiya edib həmin vaxta gədər yatasınız(bəli oyunun öz saatı var) və oyanıb gedib o Alqulları öldürüb, qanını toplayıb, kontrakta deyilən personaja aparasınız. Qarşılığında sizə Orenlar veriləcək. Kontraktlar süjet cəhətdən vacib deyil. Amma onları eləməsəniz Gerald yetərincə güclənməyəcək. Və Orenləriniz də az olacaq. Bütün bunlar isə oyunu çox çətinləşdirə bilər və nəticədə ümumiyyətlə hansısa vacib missiyanı keçə bilməyəcəksiniz. Geriyə də qayıda bilməyəcəksiniz. Təbii ki oyunu fərqli fərqli yerlərdə yaddaşa vermisinizsə geri qaytara bilərsiniz. Amma təkrar-təkrar eyni hərəkətləri eləmək yorucu ola bilər. Ona görə də yaxşısı budur, şəhərə girən kimi birinci kontraktları yerinə yetirəsiniz. Yeri gəlmişkən, kontrakt götürəndən sonra tapşırılan qulyabanıları tanıdığınıza əmin olun. Jurnalda mütləq o qulyabanı barədə qeyd olmalıdır. Yoxdursa deməli siz onu tanımırsınız. Tanımırsınızsa deməli öldürdükdən sonra ondan inqridient toplaya bilməyəcəksiz. İnqridient toplaya bilməsəniz boşuna öldürmüş olacaqsınız. O isə təkrar dirilməyəcək. Qulyabanıların da sayı limitlidir. Bu oyunda çox diqqətli olmalısınız. Tanımaq üçün o qulyabanının sinifi barədə danışan qeydlərin olduğu tapmalısınız. Bəzən kitab olmadan da öyrənə bilərsiniz. Oyundakı bəzi bəsit personajlar(kəndlilər məsələn) sizə söhbət zamanı hansısa qulyabanı barədə danışa bilər.
Həmçinin onu əlavə eləyim ki, kontarktlarda deyilənlərə 100də 100 əməl etməlisiniz deyə bir şərt yoxdur. Əsas odur ki, sifarişçinin istədiyi inqridienti verəsiniz. Məsələn, kontraktlardan birində mürdəşir 6 ədəd it salosu istəyir. Deyir ki, bu ona nəsə tabutların düzəldilməsində lazımdır. Bunun üçün sizdən küçə itlərini öldürüb onların salosını toplamağınızı istəyir. Mən itləri öldürmək istəmədim. Birincisi mürdəşirin bəhanəsi mənə inandırıcı görünmədi, məncə sadəcə olaraq o personaj küçə itlərinə nifrət edirdi və onları kiminsə öldürməsi üçün belə bir tapşırıq elan eləmişdi. İkinci səbəb isə o idi ki, o itlər heç bir insana hücum etmirdilər(söhbət yaşıl it ruhlarından getmir, adi çöl itləri barədə danışırıq) və mənim xoşuma gəlirdilər. Ona görə də düşünürdüm ki, bəlkə də heç vaxt bu kontraktı bağlaya bilməyəcəm. Sonra gördüm ki, çox nadir hallarda evlərin içindən it salosu tapılır. Vəhşi canavarlardan da nadir hallarda salo düşür. Beləliklə, çox gec olsa da, sonunda heç bir küçə itini öldürmədən 6 ədəd it salosu tapıb bu kontraktı yerinə yetirdim.
Mini oyunlardan da danışaq
Zər pokeri, Pul qarşılığında dalaşmaq və içki.
Zər pokerində Oren qarşılığında zərlərlə poker oynayırsınız. Hər şəhərdə fərqli zər rəqibləriniz olacaq. Hər biri ilə yarışısanız yaxşı olar. Çünki əgər zəiflərə qalib gəlməsəniz növbəti şəhərlərdə güclülər sizinlə heç oynamaq da istəməyəcək. Qayıdıb zəiflərlə də oynaya bilməyəcəksiniz. Bəzi personajlar isə əksinə, bu oyunu özlərinə təhqir hesab eləyirlər və siz təklif elədikdə sizi qovurlar. Ümumiyyətlə Witcher oyununun bu detalı mənim üçün çox ala-tamam qaldı. Mən poker oynaya bilmirəm və sizə də kazino və sair oyunlarla maraqlanmağı tövsiyyə etmirəm. Ona görə də oyun daxilində əvvəllərdə bunu mini oyunu oynamadım. Daha sonrakı fəsillərdə gördüm ki, personajlar mənimlə oynamaq istəmir. Mənə isə onlara qalib gəlmək lazım idi. Həm də ki bəzi silahsürsat üçün Oren toplamalıydım. Bu minioyunu necə oynayacağınız barədə uzun təlimat yazmayacağam. (Məqalənin sonundakı linklərdən oxuya bilərsiniz.) Burada qısaca onu deyim ki, 3 round var, hər roundda kimin əlində daha çox eyni zər varsa o da qalib gəlir və hər 3 raundun nəticəsində kim daha çox qalib olubdursa bütün oyundakı Orenləri də o götürür.
İçki
Bəzi missiyalarda içki oyunu çox vacibdir. Süjetə təsir edir. İçki oyunu çox bəsitdir. Birgə içirsiniz, kim tez "yıxılsa" - o uduzur. Məsləhət görərdim ki, tonqalda bacarıqların artırılması hissəsində içki barədə bacarıqları artırasınız. İntellekt səhifəsində olmalıdır. Onu da qeyd edim ki, oyunda müxtəlif içkilər var. Pivələr, arağlar, çaxırlar və sair. Çantanızda isə yer limitlidir. Eleksir bişirmək üçün uyğun olmayan ən ucuz və ən bərbad içkiləri sırf satmaq üçün götürün. Eleksirə uyğun içkiləri həmişə toplayın və özünüzdə saxlayın. Digər içkilərdən isə yaxşılarını bu mini oyun üçün saxlayın.
Pul qarşılığında dalaşmaq
Bu mini oyunun da poker kimi belə bir özəlliyi var ki, hər fəsildə hər bu oyuna uyğun personajlarla dalaşıb bosslara qalib gəlməlisiniz. Buraxsanız, sonra mənası zəifləyəcək. Sizinlə dalaşmayacaqlar. Bu davalar həmişə tavernalarda olur. Üstəlik bosslara qalib gələndə sizə 3 mükafatdan birini seçmək imkanı verirlər. Ən son boss-un dişlərini isə siz bir xüsusi personaja sataraq nadir silah əldə edə bilərsiniz.(Məndə alınmadı. Çünki əvvəllərdə hansısa tavernada kiminləsə dalaşmaq yadımdan çıxmışdı. Ona görə də son boss mənimlə dalaşmaq istəmədi.)
Lokasiyalar
Oyunda bir neçə şəhərcik var. Süjetin fəsilindən asılı olaraq müvafiq şəhərdə olursunuz. 4cü fəsildə 3cü fəsildəki şəhərə geri qayıda bilərsiniz. Digər fəsillərdə geri qayıtmaq mümkün olmayacaq. Ona görə də şəhərə girdikdən sonra ilk iş şəhərlə əlaqəli mini oyunları və kontraktları tamamlayın, sonra keçin süjet missiyalarına. Lokasiyalar çox genişdir, alt və kənar lokasiyalar da var. Məsələn kanalizasiyalar, mağaralar və bataqlıqlar var, onlar da çox böyük əraziləri əhatə edir.
Yekun
Daha çox yazmaq istəyərdim, amma baxıram, artıq 3 səhifə dolub. Mətnlə çox yormaq istəmərəm sizi. Oyunda o qədər belə maraqlı detal var ki, süjet barədə bir kəlimə belə demədən bütün belə məqamlar barədə yazsam, ən az 10-15 səhifəlik məqalə alınar. Bu oyunun ardı olaraq Witcher 2 və Witcher 3 oyunları da çoxdan çıxıb. Bu seriyalarının bir üstünlüyü də odur ki, siz Witcher 1-dəki yadda saxlamalarınızı Witcher 2-yə və daha sonra da 2-dən 3-ə köçürə bilərsiniz. Belə elədikdə həm süjet sizə daha da uyğunlaşır, həm də öncəki oyunda topladığınız pul və əşyalarınızı növbəti oyuna köçürə bilirsiniz və oyuna zəif başlamırsınız.
Son olaraq sizə bir neçə link verəcəyəm ki, oynamaq istəsəniz işiniz asanlaşsın.
+18 Kartlar
Oyunda Geraldın məşuqələri var. Dialoqları və verilən tapşırıqları düzgün yerinə yetirsənsiz Gerald həmin personajla "yatağa keçir" və sizə o personajın çılpaq şəkilli kartı verilir. Bu linkdə oyundakı bütün məşuqələri necə tapmaq və necə "yoldan çıxarmaq" barədə məlumat var.
Link: https://rpgrussia.com/threads/vedmak-1-ehroticheskie-kartochki-bez-cenzury.28804/
Ensiklopediya
Mən The Witcher oyununu rus dilində oynadım. Əgər siz başqa dildə oynayacaqsınızsa axtarın, məncə digər dillərdə də ətraflı ensiklopediyalar olmalıdır. Əslində bu bir növ cığallıq kimidir. Amma məncə bu oyunu daha da maraqlı edir. Orada axtarırsınız, araşdırırsınız, oxuyursunuz və öyrəndikləriniz əsasında oyunu oynayırsınız. Ensiklopediya çox yardımçı olur. Hansı qulyabanıların harada olması barədə, hər personajın xüsusiyyətləri barədə, döyüş taktikaları barədə, silahlar, inqridientlər, kitablar və digər bütün vacib detallar barədə tapıb oxuya bilərsiniz.
Link: vedmak.fandom.com
Cloud Gaming
Oyun bir az köhnədir. Müasir əməliyyat sistemlərinə yazmaqda çətinlik yaşaya bilərsiniz. Məsələn, mən öz Apple Macbook M1 noutbukuma heç cür bu oyunu yaza bilmədim. Oyunun Mac versiyası da açılmadı, Windows qutular da yaratdım - alınmadı, wine da sınadım, digər vasitələri də sınadım amma heç cür alınmadı. Hər dəfə nəsə xəta çıxırdı, donurdu və ya vizual problemlər yaranırdı. Bulud üzərindən oynamaq bir az ödənişli amma ən rahat imkan oldu. Normal kompüteriniz və normal internetiniz olmalıdır. Əgər routeriniz 5Ghz bağlantı sistemli deyilsə(modemlər barədə live video) bir başa ethernet kabeli kompüterinizə qoşun.
Mən Loudplay platformasında oynayıram. Platforma yaxşı işləyir. Qiymətləri münasibdir. Neçə saat oynamaq istəyirsinizsə o qədər saat almalısınız. Maraqlı tarifləri də var. Məsələn gecə tarifində 17-18 manat ödəyirsiniz və bir ay boyunca Bakı vaxtı ilə saat 01:00-dan 12:00-a qədər ödənişsiz oynayırsınız.
Əgər bu platformadan istifadə eləsəniz, qeydiyyat zamanı "3G1VW27VK" kodunu daxil edin. Kod sayəsində Platformada ilk alacağınız saat avtomatik 2-yə vurulacaq və mən də eynisini hədiyyə olaraq qazanacağam. Məsələn, siz 25 saat alsanız, avtomatik saat balansnız 50 olur və mənə də 50 saat hədiyyə olacaq. Bu həm sizin üçün həm də mənim üçün maraqlı və həvəsləndirici hədiyyə olar.
Təşəkkürlər.