Netflix-in ən soçnu serialı - The Umbrella Academy
21.08.2020Amerika rok musiqiçisi Gerard Way 2007-ci ildə solisti olduğu My Chemical Romance qrupunun qastrolları zamanı yolda comics cızmağa başlayır. The Umbrella Academy adlı komiks üzərində işə o Gabriel Bá adlı rəssamı cəlb edir, komiksin üzlüklərini isə o James Jean-dan sifariş edir. Gerard The Umbrella Academy-yə heç ciddi yanaşmır və hətta sonradan müsahibələrdə də deyir ki, o ailəyə ciddi yanaşmağa başlasaz atmosferə düşə bilməyəcəksiniz. Rok vokalist öz musiqilərindəki abuhavanı və həyat tərzindəki yanaşmanı bu cızma-qaraya ötürür, hekayə isə Dark Horse Comics şirkətinin xoşuna gəlir və 2007-ci il 19 sentyabrda The Umbrella Academy mağazalarda rəflərə çıxır. Hamısı satılır və ardıyca 17 oktyabrda bir buraxılış daha çıxır. 2008-ci ildə isə comics Eisner premiyasını alır. Bilməyənlər üçün deyim ki, Eisner bir növ komiks sahəsinin Oscar mükafatı kimidir. Sən, bir hekayə olaraq həqiqətən möhtəşəm olmalısan ki, sənə Eisner versinlər. 2019cu il 15 fevralda isə comics Steve Blackman idarəçiliyi ilə Netflix-a gəlir və mən ondan kayf alıram.
Hekayəni filan ataq hələki kənara. Sizə atmosferdən danışım. Serial o qədər “dobrıdır” ki, personajlar o qədər dolğun rəngarəng işlənilib ki, süjet o qədər dinamik və axıcıdır ki, seriala baxanda doyursan da qardaş, doyursan. Musiqi. Serialda o qədər musiqi var ki. Səssis səhnə tapmaq çox çətindir. Elə bil hər seriyası ayrıca bir 1 saatlıq klipdir. Amma bu müzikl deyil, xeyr. Hindistan kinosu da deyil ki, personajlar bambılı kimi ortaya düşüb musiqi sədaları altında əcayib hərəkətlər eləsinlər. Burda musiqi sadəcə var. Əlavə olunmuş kimi, fona yapışdırılmış kimi deyil. Musiqilər təkrar da olunmur. Sadəcə hadisələr baş verir və serial səni mövzunun içində tutmaq üçün düzgün seçilmiş musiqilərlə səni ağuşuna alır, bərk-bərk tutur, deyir ki, serianın son saniyəsinəcən baxmasan uzaqlaşa bilməzsən. Musiqilər əsasən 80-ci - 90-cı illərdəndir, amma müasir pop da eşitmişəm. Bir dəfə Billie Eilish də oxumuşdu. İstəyirsinizsə məqaləni oxuyarkən kənarda youtube playlisti açın və mənim yazdıqlarımı da atmosfernən oxuyun)
Nəisə. Musiqi tullansın. Süjet tərzini danışım. Muncuq kimidir də qardaş, muncuq kimi. Tap-tap-tap-tap-tap-tap gedir. Amma bir var seriala baxırsan və bilmirsən vaxt necə keçdi, doymursan. Hərdən də elə serial olur ki, qır saqqız kimi uzanır, istəyirsən pleyerdə sürəti artırasan. The Umbrella Academy elə deyil. Həm axıcıdır. Həm də tutumlu. Deyirəm də, “dobrıdır”. Eyni zamanda seriala komikslərdən bir vacib amil köçüb. Gerard tez-tez hadisələrin içinə “cavabsız suallar atır”. Yəni, hadisə və ya hərəkət baş verir və süjet sənə bunun niyə baş verdiyini izah etmir. Hərdən bir müddət keçəndən sonra ip ucu verir ki, başa düşəsən. Hərdən isə heç ip ucu da vermir, tamamilə sənin təsəvvürünə buraxır. Amma bu Detektiv deyil. Bu Sherlock deyil ki, qəhrəman seriyanın sonunda puzzle-ı birləşdirsin. Gerard sadəcə süjetdə dəliklər yaradır və parçaları ora-bura dağıdır. Sən də bunların niyə baş verdiyini özün anlayanda bu sənə ləzzət eləyir.
Kamera.
İstər döyüş səhnəsi olsun, istər romantika, istər fəlsəfə. Kamera durmur da. Sağdan çəkdi, soldan çəkdi, personajnan fırlandı, divarın burasından girdi, orasından çıxdı, təki gözün qəhramanın hərəkətindən qopmasın. Hərdən Slow Motion da gəlir. Amma bu o qədər ani baş verir ki, heç sürət dəyişkənliyini hiss etmirsən. Sən aşiq olarkən zamanın durması kimidir. Ətraf normaldır. Amma zaman ya da sən yavaşlamısız və ürəyinin dup-dup səsi dünyanı “mute” eləyib.
Montaj və efektlər barədə də danışmaq istəyərdim amma onlar da gözə batmırlar. Hə,serial fantastikdir, nəsə peyda olur,nəsə yoxa çıxır, göy işıqlar var və sair. Amma bu efektlər də burgerin içindəki kahı kimidir. Ayrı vaxtda sən kahı yeməzsən. Amma burger də kahısız getməz. Yəni o qədər yerində işlənilib effektlər.
Hə. Keçək hekayəyə?
1 oktyabr 1989-cu ildə kainat öz zarafatını eləyir. Dünyanın müxtəlif nöqtələrində 43 uşaq gəlir dünyaya. Zarafat isə ondadır ki, bu uşaqları dünyaya gətirən qadınlar bir neçə dəqiqə ərzində özü özlüyündən hamilə qalıb doğuma keçirlər. Ortada ata yox, analar da bu hamiləliyin necə və niyə başladığını anlamırlar. Ser Redjinald Hargrivz adlı eksentrik milyarder isə deyir ki, “varyoxsuna nəhlət, bu uşaqlar dünyanı xilas edəcək.” Əslində kişi o sözü tam elə formada demir. Çox ciddi, disiplinli, ağıllı, dahi bir insandır. Amma siz başa düşdünüz. Harqrivz bu uşaqlardan 7-sini tapıb öz himayəsinə götürür. Adam varlıdır, anidən ortaya çıxmış uşağa isə heç kəs necə münasibət göstərəcəyini bilmir. Elə bil lotoreyadır. Uşaq yarandı, Recinald gəldi, pulu verdi, uşağı apardı. Recinald xeyriyyəçi filan deyil ha, ona möhtəşəm ata da deyə bilmərik. Uşaqlara ad da vermək istəmir heç və həmişə onları nömrə ilə çağırır. “Birinci”,”Ikinci”,”Üçüncü”...”Yeddinci” və sair. Amma uşaqların robot anası onlara ad verir.( Robot hardan çıxdı? Dayan-dayan hələ burda danışan meymun Poqo da var.)
Nəisə. Harqrivz öz qurduğu Umbrella Academydə bu uşaqları böyüdür, onlara təlim keçir.
Uşaqların da hərəsinin bir gücü var:
Nömrə Bir - Lüter çox güclüdür. Qorilla boyda adamdır. Amma adamın içi çox yumşaqdır da. Yummi Lüter, yummi.
Nömrə iki - Dieqo. Atdığı alətlərin uçuş traektoriyasını idarə edə bilir. Bıçaqları sevir. O bıçağı göyə atacaq, bıçaq göydə sağa uçacaq, sola uçacaq, aşağı düşüb yenə qalxacaq və sonunda lazımlı divarın Diego istədiyi nöqtəsinə ilişəcək.
Dieqo ilə Lüter tez-tez dava edirlər. Lider birincidir amma ikinci özünü liderliyə daha layiq görür.
Ellison və ya Üçüncü. Çox qəşəng qızdır. Səsi də gözəldir. Nə desə eləyəcəksən. Fişkası da elə budur. Söz deyir, eşidən edir.
Dördüncü. Klaus. Mənim sevimlim. Hamının ən sevimlisi. Başı batmış Neytanı Misfits serialında canlandıran Robert Sheehan, axı sən necə adamsan?! Sən necə elə iyrənc obraz yaradırsan ki, hamımız sevək. Yox, dayan. Klaus barədə daha çox danışacam.
Klaus
Bu personaj ölülərlə danışır. Uşaqlıqdan ruhları görür. Qardaşlardan biri - Ben elə uşaqlıqda ölüb. Nömrə altı və ya Ben adlı personaj özündən bir səkkizayaqlı ilbiz kimi yekə qollar çıxarıb düşmənlərini parça-parça edə bilirdi. Amma uşaq yaşında ölür :( Öləndən sonra da ruhu Klausun ətrafında fırlanır. Amma qorxudan tərzdə yox. Qardaşdırlar. Ailəvi toplantılar zamanı digərləri tez-tez Klausdan soruşur “Ben burdadırmı?”, “Ben nə deyir bu məsələyə?”. Klaus isə özünə nə sərf eləsə onu da deyəcək Benin adından. Kayfuşadır da. Nə istəsə onu edir. Hə, içir. Hə, çəkir. Hə, həb atır. Hə, geydir. Hə, tut onu sorğu üçün döy, o isə boğulmağdan kayf tutub deyəcək: “yenəəə yenəə bərk həəəə.”. Klausun həyat tərzi, içki düşkünlüyü və necə istəyirsə elə də yaşaması onun elə bu səbəblərdən buraxdığı qüsurları ört-basdır eləyir. Oğurluq da eləyər. Bacısının yupkasını da geyinər. Ölünün külünə siqaret də basdırar. Amma adamın bir təbəssümü ki var, bax və bütün dərdlərini unut da. Heçnəyə gücü çatmayacaq qədər zəif olsa da qardaş və bacıları onun varlığını vacib hesab edirlər. Sevdikləri üçün onu yola verdiklərinə görə yox, güclərinə görə yox, ataları Klausu lazım bilir deyə yox. Bu sadəcə Klausdur. Sevirsən sev, sevməsən özü səni özünə sevdirəcək. Hətta 2-ci sezonda o qədər sevdirəcək ki….(spoiler yeməyəsən deyə sildim, balaş)
Beşinci, altıncı, yeddinci barədə danışmayacam. Özünüz baxarsınız.
Bu 7 insanı birləşdirən ən böyük dəyər isə super gücləri deyil. Atalarına nifrətdir. Kişidən o qədər zəhlələri gedir ki, hər seriyada 4-5 dəfə kişinin qəbrini "yad edirlər". Hə, kişi elə ilk seriyada artıq ölüb. Uşaqları birləşdirən də elə onun ölümüdür. Amma nifrət etdikləri qədər də rəğbət hiss edirlər. Yəni bir var ki, sən atana o qədər nifrət edəsən ki, onu öldürmək istəyəsən, bir də var nifrət etsən də öl desə - ölərsən. Burada da bax - ikincisidir. Kişini söyürlər, amma o necə lazım görürdü sə elə də davranırlar. Sevirlər bəlkə də bu qəddar kişini. Bilmirəm. Baxın, görün.
Serialda Robot ana var. Onun barədə artıq dedim bayaq. Hə bir də danışan meymun var. Amma mırt meymun yox. Meymun evin ağsaqqalıdır. Uşaqlar ona çox hörmət edirlər.
Blogpostu hekayə ilə bitirmək istəyirəm. Spoiler məsələsi deyil. 2 sezon var, hərəsində də 10 seriya. Seriyanın da biri - 1 saat. Serialın ardı da çıxacaq. 3-5 əlavə cümlə ilə sizi hekayəyə aşiq etməyim heç bir cinematik anlayışlarla spoyler adlandırıla bilməz. Həm onsuzda ilk seriyanın 10-15 dəqiqəsində görəcəklərinizi deyirəm. Çox qabağa getmirəm. Özüm hər 2 sezonu iki dəfə izləmişəm. İndi də komiksları oxuyuram. Komikslar daha “dark”-dır. Qan çoxdur. Bu onu kəsdi, o bunu parçaladı və s. Serial biraz təmizdir bu cəhətdən. Burda da qan var, amma qəddarlıq dərəcəsi aşağıdır. Hər kəs baxa bilər.
Nəisə. Deməli, bu uşaqlar böyüyəndən sonra hərəsi öz yoluna gedir. Lüter amma qalır, atası isə onu aya göndərir ki, get 4 il orda qal, araşdırmalar apar. Sonra kişi ölür. Öləndə isə ailə toplanır. Illər öncə itib batmış bir nəfər də gəlib deyir ki, yığışın, dünya dağılacaq. Apokalipsis olacaq. Birləşək, dünyanı xilas edək.
Əgər həvəs yarada bildimsə gedin, baxın. Postu repost eləməyi də unutmayın :)
Təşəkkürlər.
Həsənağa Azad.