The Office - Ən dürüst serial.

My default image 

 

Bu seriala baxmağa 3 dəfə başlamışam. Əsas səbəb onda idi ki, hər dəfəsində 1-ci seriyaya baxıb, sıxılıb kənara atırdım. Bu sitkom serialın tərzi çox fərqlidir və ilk başlarda onu bəyənə bilmirdim. Lakin sonda ona 3-cü şansı verdim, bir neçə seriya daha izlədim və sonra sezon sezon ardıyca durmadan baxdım və nəhayət 2 həftə öncə onu bitirdim. Çox sevdim The Office-i. Hətta bəzi məqamlarda kövrəldiyim də oldu. Əvvəlcə onu, elə deyəsən, dürüstlüyünə görə bəyənməmişdim. Bu tərz çox fərqlidir və bu fərqi qəbul etmək asan deyil. Sonda bu tərzi sevdim və sezon sezon ardıyca serialı sonuna qədər izlədim. Daha öncə yazıdığım kino təhlillərini bilən oxucularım tərzimi bilirlər - ciddi spoiler vermədən də sizə filmi sevdirə, sizdə maraq yarada bilərəm. Amma serialın bu dediyim fərqli dürüstlüyü ilk başda o qədər sıxıcı gələ bilər ki, siz də mənim səhvi edib onu anlamadan kənara ata biləriniz. Sizin də eyni tələsik qərar verməməyiniz üçün serialın ortalarından çox kiçik bir fragmet - serialardan birinin introsunu paylaşacam indi. Bu fraqment o qədər də əhəmiyyətli deyil. O sadəcə çox qısa zamanda sizə bu ofis personajlarının necə rəngarəng və nə qədər maraqlı olmasını göstərəcək. Mən də seriala bu fragment ilə baxmağa başlasaydım o məni dərhal çox maraqlı olmasına əmin edə bilərdi. 




Fraqment

youtube video

 



Okay, gəlin dürüstlüyün nədə olduğunu xırdalayım.

Deməli serial Dunder Mifflin adlı şirkətin Scranton filialı ofisində baş verənləri əks edir. Lakin bunu adi seriallar kimi kənardan, normal bədii film çəkilişi kimi etmir. Qəhrəmanlar kinoya çəkildiklərini bilirlər. Onlar operatorlarla salamlaşırlar və hər hərəkətlərinə görə tez-tez kamera qarşısına oturub müsahibə verirlər. Bəli, serial özünü sənədli film kimi təqdim edir. Hətta sizə dəqiq termini deyim, serial Mockumentary - yəni psevdo sənədli film janrındadır. Sanki bir qrup kino həvəskarı belə bir şirkəti tapıb və orada baş verən ofis həyatını lentə almağa başlayıb. Biz əvvəlcə bu operatorların hardan gəldiklərini nə kino çəkdiklərini bilmirik. Biz sadəcə onların çəkdiklərinə tamaşa edirik.

Serial sitkom komediya üslubundadır, amma o bizi arxa fonda qəh-qəhə səsləri ilə qıcıqlandırmır. Hadisə baş verir və sən özün bilərsən, istəyirsən gül, istəyirsən əsəbləş, istəyirsən ağla. Öz işindir. Serial səni heçnəyə təşviq etmir. Amma o səni hadisələrin iştirakçısı kimi qəbul edir. Kamera hərəkətlidir, bir yandan sabit durub çəkmir. Siz qəhrəmanların arxasıyca gedirsiniz, onların söhbətlərində oturub qulaq asırsınız. Qəhrəmanlar hətta tez-tez hansısa sözü deyəndən sonra sizə baxıb, göz-qaş edirlər, sanki sizin reaksiyanızı gözləyirmişlər kimi. Cim Duayta nəsə dedi və kameraya çonüb qaşını qaldırdı və s. Serial bir neçə rakursdan çəkilir və aktyorlar onları hazırda hansı kameranın çəkdiyini bilmirlər. Onlar sadəcə rahat davranırlar, real həyatdaki kimi. "Kim haradan necə baxırsa baxsın" yəni. 

Serialın başqa bir dürüstlük məqamı isə qəhrəmanların adlarındadır. Bir çox aktyorlar əsl adları ilə oynayırlar. Məsələn Creed rolunu oynayan aktyorun öz adı da Creed-dir, eyni misal Anjela, Filis, Oskar və bir çox digər qəhrəmanlara da aiddir. Serial çəkilişi zamanı aktyorların çoxu elə real ofislərdəki kimi tez-tez boş-boş internetdə oturub vaxt öldürürlər. Aktyorların bir çoxu öz aktyor karyerasını məhz elə bu serialdan başlayıb. Kimisi sadəcə serialın ssenarist qrupunda işləyirdi amma sonra rol aldı və oynadı. Kimisi grim işi ilə məşqul idi və kamera önünə keçib aktyorluq karyerasına başladı. Bəzilərinin isəümumiyyətlə serialda heç bir rolu planlaşdırılmırdı amma son anda ssenariyə onun üçün əlavələr edilib. 

 

My default image






Bir az istəyirəm serialın tarixçəsi barədə danışım. 

2011-ci ildə Rik Cervis və Stiv Merçant BBC telekanalında eyniadlı serial təqdim etməyə başlayırlar. İngilis yumorunu əks edən həmin The Office politkorrektlikdən çıxırdı (irqçilik,hörmətsizlik, ayrıseçkilik, tez-tez müəyyən mənəvi və etik sərhədləri aşan zarafatlar və sair). Amerikanlar sonra həmin The Office-in bənzərini çəkməyə başlayırlar. Lakin 1 sezon sonra sanki hekayənin "skeleti qalır, bədəni isə tamam başqa formaya keçid edir". Britaniyanın çəkdiyi Ofis serialı qısa zamanda bağlanır və heç kəs onun üçün darıxmır. Bizim bu amerikan The Office isə 9 sezon qədər maraqlı və tutarlı olur. 2005-ci ildə başlamış bu sitkom 2013-də bitir. Bir müddət sonra serialın meme-ları sosial şəbəkələrdə yayılmağa başlayır, insanlar bu köhnə serialı axtarıb baxırlar. Billie Eilish(mən ona Beliy Eliş deyirəm :)) isə publik olaraq dəfələrlə ən sevdiyi serialın The Office olduğunu deyir və serial ikinci nəfəs qazanır və günümüzdə də çox məhşurdur. 

 

My default image

 






Keçək qəhrəmanlara.

Michael Scott. (Steve Carell)

My default image


Maykl bu filialın regional meneceridir. O bir rəhbərdir. O bu insanları idarə edir. Lakin o o qədər boş-boğaz, səfeh bir xarakterə malikdir ki, ilk seriyalarda bu sizi hətta qıcıqlandıracaq. O çox yersiz və şit zarafatları ilə işçiləri güldürməyə çalışır. Onun bu zarafatları da ümumilikdə məsələlərə yanaşması da bir məktəbli səviyyəsindədir. Maykl o qədər boşboğaz və mənasız danışıb sonra da bu danışıqları əsasında hərəkətlər edir ki, hətta seriyalardan birində onun barədə deyilir ki, “Əgər Maykl absurd bir şey danışmağa başlayıbsa yaxşısı budur onu saxladın, yoxsa o hərəkətə keçəcək və artıq gec olacaq.” Hər kəs onu sadəcə yola verir və onun necə rəhbərliyə keçməsini anlamır. Kinoşünaslar bu personajı hətta Amerika iqdisadiyyatının canlı siması kimi qiymətləndirirlər. Bütün bu uşaq davranışlarına baxmayaraq Scott bu vəzifəyə tanışlıq və ya hərhansı hiylə ilə gəlməyib. O öz əməyi ilə bu işi qazanıb. Şit zarafatlarına, bunu gizlətməyə çalışsa da əslində irqçi biri olmasına və digər mənfi cəhətlərinə baxmayaraq o möhtəşəm bir satıcıdır və humanist bir rəhbərdir. Elə özünün də dedidiyi kimi, “Mənimlə Donald Trump arasında əsas fərq ondadır ki, o insanlara “Siz qovuldunuz” deməyi xoşlayır. Mən isə əksinə işə qəbul etməyi, “xoş gəlmisiniz” deməyi xoşlayıram”. Maykl rəhbərliyə də uğurlu satışları sayəsində gəlib. Bu boşboğaz şəxsiyyətin daxilində işini yaxşı bilən bir satıcı durur. Siz seriala baxdıqca onu anlamağa başlayacaqsınız. Niyə özünü belə şit aparmasını, dəxlisiz ideyalar verməsini, özünü filialın rəhbəri yox təlxəyi kimi aparmasını zamanla anlayıb personajı sevəcəksiniz və serial bitdikdən sonra Maykl Skot üçün hələ çox darıxacaqsınız.




Dwight Schrute.(Rainn Wilson)

My default image

 

Tam bir freak. Xəstə. Dəli. Absurd insan. Çox rasional, dəqiq və məntiqli riyazi təfəkkürə sahib olmasına baxmayaraq Duayt çox itici vərdişlərə sahibdir. Onun bu dəqiqliyi, hər məsələyə ilişməsi bütün işçiləri qıcıqlandırır. Duayt rəhbərliyə keçmək istəyir. O ən başdan daima Maykl Scottun yanında fırlanır. Öz biliklərini və potensialını nümayiş edir və daha da yuxarı pillələrə çıxmağı arzuladığını çox açıq və dürüst şəkildə göstərir. Amma diqqət edin, Duayt bildiyimiz ofis yaltağı deyil. O sadəcə Duaytdır. Tanısaz anlayacaqsız. Digər personajlardan biri olan Cim tez-tez Duayt ilə məzələnir. O isə bu zaraftalara inanır, onları rasional qəbul edir və məntiqli hesab etdiyi bir yanaşma ilə cavab verir. Məsələn, serialardan birində Cim Duaytın iş masasını və bütün əşyalarını tualetə aparıb yerləşdirir. Baxın, görün bizim xəstə isə nə edir:

 

youtube video

 

 






Stanley Hudson.(Leslie David Baker)

My default image

 

Bu dayday barədə bilmirəm nə deyim. Kişinin heçnə vecinə deyil. O özünü elə aparır ki, sanki doğurdan ümumiyyətlə bütün bu baş verənlərin boş bir kino olması barədə xəbərdardır. Stanley o qədər vecsizdirki, onun hər bir hərəkətində "yola verən aktyor" yanaşmasını hiss edirsiz. "Hə yaxşı ok indi işimə keçirəm". "Hə yaxşı, iclasa giririk". "Vso, konsert bitdi, evə gedirik". Stanley iclaslarda krossvord doldurur. Bütün serial boyunca onun heç bir dram hekayəsini eşitmirik. Düzdür sırf ona özəl olan, onun hekayəsini danışan bir neçə seriya olur serialda, lakin hətta o epizodlarda da Stanley bizə qonaq personaj kimi görünür, massovka kimi, laqeyd, hekayədə ciddi rolu olmayan bir personaj kimi aparır özünü. Lakin əminliklə deyirəm onun bu dürüstlüyünü də sevəcəksiniz.






Jimm və Pam.(John Krasinski & Jenna Fischer)

My default image

 

Serialın ən "normal adam" personajları. Bütün bu dəxlisiz söz-söhbətlərin içində mövcud olan yeganə adekvat insanlar. Hətta Cim daha normaldır. O tez-tez Duayt ilə məzələnir, ona oyunlar qurur. Rəhbəri Maykl-ı Cim sadəcə yola verir və bu çox açıq şəkildə görünür. Öz işini isə Cim məharətlə görür. Pam isə ofisin katibəsidir. Daha sonrasını demirəm. Spoiler olmasın. Lakin siz bu dəxlisiz hadisələr içində reallıqdan uzaqlaşmamaq üçün bu iki personajdan bərk yapışacaqsınız və onları da sevəcəksiniz.

 

 

 

 

 

Digər qəhrəmanlar barədə detallı danışmayacam. Zatən izlədikdə hamısını bir-bir tanıyacaqsınız. Bu ilk başdan tipik görünən ofisin "adi" hadisələri sizi özünə bağlayacaq. Gülüş tərzinə isə öyrəşəcəksiniz. Qəhrəmanlara bağlanacaqsınız. Bu dürüst olduğu kimi də çox gülməli və bir çox mənəvi sərhədləri aşan, etik çərçivələri önəmsətməyən və elə əsl real həyat kimi görünən bir serialdır. Və sonda, əgər bu seriala baxmasanız kinoman və kreativ ruha sahib olan Dunder Mifflin şirkətinin Scranton ofisində regional menecer vəzifəsində çalışan Maykl Skot sizə görə çox məyus olacaq :)

 

youtube video