Evdə izləniləsi 10 maraqlı kino/serial
23.03.2020
Bu sıxıcı Koronavirus günlərində evdə oturub, darıxan insanlar üçün bu günə kimi baxdığım 1000-lərlə kino, 100-lərlə seriallardan ən maraqlılarını seçib, bir siyahı formasında paylaşmağı qərar verdim. 5 kino və 5 serial sadalayacağam. Üstəlik, həmin bu filmlərin altında həmin filmə bənzər xüsusiyyətləri olan, izləyiciyə bənzər emosiyalar yaşadan başqa-başqa filmləri də qeyd edəcəyəm. Bu bənzər hesab etdiyim filmlər əslində tamam fərqli cür hadisələri əks edə bilər. Hətta tamamilə fərqli janrlarda belə ola bilər. Lakin aralarında müəyyən bir emosional bənzərlik görürəm və zənnimcə əgər sadaladığım filmi artıq izləmisinizsə demək ki, ona bənzər hesab etdiyim digər film də ürəyinizcə olacaq.
Bu filmləri seçməkdən öncə facebook profilimdə kiçik bir post yazmışdım ki, dostluq siyahımdaki insanlar öz bəyəndikləri janrları və favorit filmlərini qeyd etsinlər, və beləliklə daha çox insanın zövqunə uyğun bir siyahı tərtib edə bilim. Bir də qeyd etmək istəyirəm ki, bu siyahı üçün İMDB, Rotten Tomatoes kimi siyahılardan istifadə etməmişəm. Seçdiyim filmlər şəxsi “kolleksiyamdan” qaynaqlanır və hamısını özüm izlədiyim üçün aralarından ən maraqlılarını seçirəm. Nəisə, intronu çox uzatmadan keçirik siyahıya.
1. Sherlock
Bu seriala çox məhşur olsa da onu hələ də “dadmayanlar” çoxdur. Serial Sherlock Holmes-ı bizim dövrümüzdə əks edir. Müasir texnologiyaların istifadə olunduğu öyrəşdiyimiz bir dünyada deduktiv bacarıqları bu qədər yüksək bir insanın cinayətləri beynində şözüb açmasını izləmək insana bənzərsiz hissləri yaşadır. “Brainy is new sexy” deyir serial və öz lozunqunun haqqını verir. Sherlocku BBC telekanalı çəkir. Və serialar da əslində çox yavaş-yavaş çəkilir. Hər sezonda 3-4 seriya var, amma hər bir seriya bir ayrıca film qədər uzun və dolğundur. Özüm serialı hətta bir neçə dəfə təkrar-təkrar izləmişəm. Seriyalarda hərdən izləyiciyə “boş” və sadəcə gülməli görünən detallar hər bir seriyanın sonunda Sherlockun nitqi çərçivəsində o qədər məntiqli şəkildə “sapa düzülür” ki, özünü sanki bütün seriyaya 5 dəqiqə ərzində yenidən təkrar baxmış kimi hiss edirsən və heç də məyus olmursan. Sherlock serialı bir şahmat oyunu kimidir. Sən bir izləyici olaraq həmişə oyunda uduzursan. Amma məğlubiyyətin sənə ləzzət verir və sonra növbəti seriyanı qoşub yenidən oyuna başlayırsan.
Bənzərlər: Limitless(film), Limitless(serial,filmin ardı), Hannibal(serial), The Good Doctor(serial), Elementary(serial), Lie To Me(serial), Jessica Jones(serial)
2. Legion(serial)
Bu serialın xarakterinə uyğun tam bənzəri yoxdur. Çox qeyri adi bir serialdır. Marvel tərəfindən çəkilsə də adi bildiyimiz məhşur comics blokbasterlərindən çox fərqlənir. Burada fantastik məsələlər və “dış-dış” söhbətləri 3-cü 4-cü plandadır.(Bəlkə də ona görə Marvel fanatları arasında serial o qədər də sevilmir). Legionda psixologiya elmi barədə o qədər məqam, detal var ki, amma onu tam olaraq psixoloji serial da adlandıra bilmərik. Bu serialı bu yaxınlarda bitirmişəm və yenidən təkrarən baxmaq istəyirəm. Bir neçə ədəd bənzərini tapsam da onlar tam olaraq eyni hissi vermirlər. Süjet barədə iki-üç cümlə deyim.
David Haller-da şizofreniya diaqnozu təyin ediblər. Çünki David daima beynində qəribə səslər eşidir və onu halüsinasiyalar təqib edir. O xəstəxanaya düşür və daha sonra əslində xəstə olmadığı üzə çıxır.
Süjeti qoyaq kənara. Serialın nə barədə olmasını anlamağınız üçün belə bir metafora işlətməli olacam. Təsəvvür edin ki, bir boşqab muncuğunuz var. Hər bir muncuq bir psixoloji termindir, halldır, xəstəlikdir. Bu muncuqları bir düzgün işlənilmiş süjet sapına düzüblər. Daha sonra bu 10metrilik bir nəhəng boyunbağınına bənzər muncuqlar zəncirininin üstünə heç bir ehtiyat etmədən ifrat dərəcəsində ehtiyatsız, çılğın şəkildə rəng-bə-rəng fantastika boyaları atıblar. Boyalar isə bizim bildiyimiz normal divar boyası deyil. Sarı rənglər insan dərisində yaranan xəstəliklərdən toplanılmış irinlərdən-çirklərdən yaranıb. Çəhrayı rənglər insanın onurğa sümüyünün içindəki illikdən yığılıb. Qırmızı rənglər təbii insan qanınıdır. Yaşıl və qara boyaların mənşəinini təsəvvür etmək isə sizin özünüzə qalır. Və bütün bunlardan sonra bu nəhəng boyunbağı sizə o qədər parlaq və cəzbedici görünür ki, ona baxanda özünüz nəhəng ölçülərə qədər böyüyə bilib, bu boyunbağını boynunuzdan asmaq arzusunu yaşayırsınız. Və bu arzunuz elmi cəhətdən sizə tam realistik görünür.
Bənzərlər: Split, Inception. Astral, A Beutiful Mind, Fight Club, Mr Nobody, Master və Marqarita(köhnə rus serialı)
3. The Matrix
Hərdən qarşıma bu filmə baxmamış insanlar çıxır və mən onlara paxıllıq edirəm. Matrix filminə ən azı 40-50 dəfə təkrar-təkrar baxmışam. Film 3 hissədən və bir Animatrix adlı cizgi filmindən ibarətdir. Hazırda 4cü film çəkilir, amma mən bu 4cü filmin sadəcə fanatların arzusunu reallaşdırmaq üçün çəkildiyini hesab edirəm. Matrix-a dəfələrnən baxmaqdan əlavə çox sayda fanat nəzəriyyələrini oxumuşam. Filmin öz ssenarisini tapıb xırdalamışam. Hətta öz təsəvvürlərim əsasında bu trilogiyanın ardını belə comics formatında çəkirdim bir aralar. Lakin film bu günümüz üçün o qədər realistikdir ki, ətrafında o qədər elmi müzakirələr, araşdırmalar, nəzəriyyələr var ki, doya bilmirsən. Alimlər bu gün hətta bu filmdəki nəzəriyyənin real ola bilməsi barədə tez-tez publik söhbətlər aparırlar. Ona görə də 1999cu ildə çəkilmiş bu filmin bu gün də aktual olması əbəs yerə deyil.
Süjetdə insanların bir proqram təminatının yaratdığı illüziya içində yaşamasından gedir söhbət. İnsanlar və robotlar arasında müharibə olub, biz uduzmuşuq, robotlar isə bizi bir batareya-enerji mənbəyi olaraq istifadə etməyə qərar veriblər. Onlar bizim beyinlərimizi bir kompüter sisteminə qoşublar.Artıq hər bir insan doğulandan ölənə qədər bir proqram təminatının içində yaşayır və yaşadıqlarının real olduğunu zənn edir. Hər şey yalandır. Ətrafımızdaki insanların çoxu sadəcə botdur. Yaşadığımız hadisələr proqram təminatının planı əsasında geçəkləşir. Biz heç vaxt dünyanı öz gözlərimizlə görməmişik. Biz həmişə bir kompüterin içində yaşamışıq, elə ora qoşulu qalaraq da öləcəyik.
Bənzərlər: Inception, Tron, Lucy, Blade runner, Terminator, Equilibrium, Source Code, The Butterfly Effect, Edge of Tomorrow, Predestination, Replicas, Johnny Mnemonic
4. 28 Days After
Bilmirəm Zombi filmləri sevirsinizmi? Gəzən ölü bədənlərin toplanaraq diri insanları təqib edib, küncə sıxışdırandan sonra onu parçalaması, dirinin diri-diri bədəninin parçalanması və yeyilməsi, ən sonda isə əgər ölü fiziki cəhətdən yetərincə güclüdürsə onun dirinin kəllə sümüyünü qırıb, beynini yeməsi kimi səhnələri izləməyi sevirsinizmi? Mən o qədər də yox. Amma belə bir apokaliptik dünyada insanların davranışını, həyatda qalmaq üçün hər gün mübarizə aparmasını, boş küçələrlər geyeriyişini izləmək həqiqətən də maraqlıdır. Bu gün, Koronavirusa görə insanlar çölə çıxmırlar. Küçələr, mağazalar, kafelər boşdur. Bu boşluğu bütünlüklə yaşamaq istəyirsinizsə 28 Days After filmi məhz sizin üçündür. Will Smith-in baş rol aldığı “I Am Legend” filmi barədə yəqin eşitmisiniz, bəlkə də izləmisiniz. Baxın həmin o apokaliptik tənhalıq hissini bütünlüklə yaşada bilmə baxımından "28 Days After" "İ am Legend" filmindən bir səviyyə daha üstdədir və məncə hətta sırf bu cəhətdən film bir çox bənzərini qabaqlayır. Süjet barədə heçnə deməyəcəm. Çünki film süjetə görə yox, həmin atmosferə görə mütləq izlənilməlidir.
Bənzərlər: I Am Legend, The Walking Dead(serial), Resident Evil, World War Z
5. Interstellar
Bu elmi bir filmdir. Çox çətindir, çox qəlizdir, anlamayanda isə boş fantastika kimi görünə bilər. Bu filmi tam anlamaq üçün bir neçə elmi nəzəriyyələr barədə eşitmiş olmalısınız. MultiKainat, Ölçülər, Qurd çuxuru kimi teoriyalar ilə tanış olmalısınız, astrofizika ilə oxumalısınız və ümumilikdə elm sizə maraqlı olmalıdır.
Süjetdə Yer planeti ümidsiz bir təhlükə ilə üzləşdiyi üçün bir qrup alim zaman və məkan sahələrini birləşdirən və bir növ portal kimi işləyən Qurd çuxuru vasitəsi ilə uzaq kosmik yollara düşürlər. Məqsəd insan övladının yaşaya biləcəyi yeni planeti kəşf etməkdir.
Bənzərlər: Gravity, Arrival, The Martian, Prometheus, Armageddon
6. Mr. Nobody
Süjet: Dünya dəyişib. İnsanlar ölümsüzdürlər. Bircə Mr. Nemo Nobody-dən savayı. O dünyada qalmış ən qoca insandır. Bütün dünya bu qocanı bir şou ulduzu kimi izləyir. Ölümünə az qalmış Nemo-nun yanına bir jurnalist gəlir və ona bütün həyatını danışmağı rica edir. Qoca başlayır. Lakin hekayə zamanı o qədər qarışıq məqamlar yaranır ki. Hətta Nemo bir neçə dəfə ölüb dirilir də. Qoca jurnalistə eyni zamanda sanki keçmiş olduğu bir neçə fərqli paralel həyat yollarını danışır.
Film çox qarışıq və çətindir. Amma senarinin ötürmə tərzi o qədər hamar və xoşdur ki. Üstəlik film bizə bir neçə dəfə elmi və psixoloji nəzəriyyələr ilə də tanış edir. Bu filmin ümumiyyətlə bir-başa bənzəri yoxdur. Mən filmi izləyəndə şəxsən ilk dəfədən heçnə başa düşmədim. Real olan hansı idi? Nə idi? Nə baş verdi burda? Necə oldu bunlar? Film ümumiyyətlə nə demək istəyir? Bu romantik filmdir, fantastikadır, elmdir yoxsa nədir?mİkinci dəfə baxdım filmə. Bir müddət sonra yenə baxdım. Hazırda filmin nə demək istədiyini çox yaxşı anlasam da hərdən sıxılanda yenə təkrar-təkrar izləyirəm.
Bənzərlər: Cloud Atlas, The Curious Case of Benjamin Button, The Fountain(bənzər olsa da sıxıcı filmdir), Inception
7. The Pursuit of Happyness
Film barədə fikirlərimi bütünlüklə yazmağa başlasam spoilersiz alınmayacaq. Bu çox gözəl motivasiya verici və real hadisələr əsasında çəkilmiş filmin sadəcə infosunu tərcümə edərək yazıram. Hələ baxmamısınzsa mütləq izləyin.
Chris Gardner tək atadır. Chris beş yaşlı bir oğlunun xoşbəxt böyüməsi üçün əlindən gələni edir. Satıcı işləyir amma evin pulunu ödəyə bilmədiklər üçün onlar qovulurlar və çöldə qalırlar.
Həyatın çox çətin keçməsinə baxmayaraq Kris təslim olmur. O bir broker şirkətinə təcrübəçi olaraq işə düzəlir və mütəxəssis olmaq istəyir. Lakin 6 aylıq təcrübəçilik zamanı ona heç bir maaş verilməyəcək.
Bənzərlər: Forrest Gump, Joy, Rocky(motivasiya cəhətdən bənzər)
8. The 100(serial)
Serialın tərzi biraz yeniyetmə dövründə olanlar üçün daha uyğundur amma istənilən halda maraqlıdır. Hekayədə dünyada nüvə müharibəsindən sonra həyat mümkünsüzolduğu üçün insanlar kosmosa çıxıb 97 il kosmik bir nəhəng gəmidə yaşayıblar. Lakin artıq geri dönmək məcburiyyətindədirlər. Dünyanın hazır olmasında isə əmin deyillər. İnsanlar öz aralarından 100 cinayətkar yeniyetməni seçib test olaraq bu təhlükləli planetə ilk olaraq onları göndərirlər.
7 sezondan ibarət bu serialı hələ də izləyirəm. Yenə də dediyim kimi tərzi biraz azyaşlıdır. Yeniyetmələrə fokuslamış olduğu hiss olunur. Amma sıxıcı deyil. Baxmaq olar. Daha maraqlı baxası heç bir serialınız yoxdursa The 100-ı yoxlayın. Bəlkə də siz daha çox bəyənəcəksiniz və mən daha çox serial izləmiş olduğum üçün bu əsərə yetərincə isti yanaşa bilmirəm. Amma istənilən halda öz janrında öz tərzində çəkilmiş ən yaxşı seriallardan biri hesab edirəm. 1-2 seriasını sınaqdan keçirməyə dəyər məncə.
Bənzərlər: Lost, The Walking Dead, After Earth, The Walking Dead
9. Breaking Bad
Çox kiçik büccəyə və az tanınan aktyorlarla çəkilmiş inanılmaz dərəcədə möhtəşəm bir əsər. Serialın əvvəlində Kimya müəllimi Walter White xərçəng xəstəsi olduğunu öyrənir. O kasıbdır, o zəifdir, o sözün əsl mənasında yazıq və cılız bir insandır. Amma o bir atadır və ailəsinin qeydinə qalmaq istəyir. O öləndən sonra ailəsi maddi problem yaşamasın deyə narkotik bişirməyə başlayır. Və hər şey bundan sonra başlayır. Siz serial boyu həmin bu yazıq qurbanın necə güclü bir şəxsiyyətə dönəcəyini izləyəcəksiniz. Baxmamısınızsa mütləq açıb baxın, baxmayan dostlarınızı isə şiddətlə qınayın.
Bənzərlər: Dallas Buyers Club
10. Black Mirror
Bu serial almanax tiplidir. Yəni heç bir seriyasının digər seriyalar ilə bir bağlılığı yoxdur. Hər bir seriya ayrıca bir filmdir. Bu filmlər is yüksək texnologiyaların inkişaf etdiyi bir mühitdə insanların necə davrandıqlarını əks edir. Və bu davranışlar əsasən mənfi tərəfdən göstərilir. Serial elmi texniki fantastikdir. Seriyalardan birində bütün insanların yaşayışı sosial şəbəkələrdəki like saylarından asılı olur, digər seriyada insanın kopyalanaraq bir kompüterdə saxlanılması müzakirə olunur, başqa bir seriyada insanlar batareyka kimi işləyib şoularda yüksək alqış sayəsində topladıqları xallar əsasında yaşayırlar və sair. Black Mirror-dakı hər bir film insanların texnoloji mühitdə vasitələri necə mənfi cəhətdən mənimsədə bilməsini göstərir. Serial sanki bizə deyir: “Bax dostum, bəlkə də bir il sonra kimsə belə bir proqram/cihaz ixtira edəcək, bax onda böyük ehtimal insanlar özlərini belə aparacaqlar. Bax və hazır ol”
Bənzərlər: Her, Ex Machina, Westworld, Upgrade, İn Time, The Matrix, Transcendence, Humans, Altered Carbon
Belə. Dostlar, siyahı bitdi. Ümid edirəm ürəyinizcədir. Əgər siyahımı bəyəndinizsə məqaləni dostlarınızla paylaşın, diqqətinizi cəlb edə bildiyim filmlərə mütləq baxın və evdə qalın :)
Təşəkkürlər.