Prezidentimiz İlham Əliyev Ria Novosti kanalına müsahibə verib
23.10.2020
1 həftə əvvəl Prezidentimiz İlham Əliyev Ria Novosti kanalına müsahibə verib. Lakin bu müsahibə barədə bizim ölkədə ələlxüsus sosial şəbəkələrdə az danışıldı. Məncə əsas məsələ dil baryerində oldu və yalnız rusdilli kütlə bu müsahibə barədə 1-2 post yazıb. Amma verliş çox əhəmiyyətli olub. Bu bir növ qarşıdurma tipli bir müsahibə idi. Jurnalist - Dmitriy Kiselyov İlham Əliyevə və Nikol Paşinyana eyni sualları verib, fərqli cavablar alıb. Ölkə liderlərinə isə cavab vermək üçün bərabər şərtlərdə 20 dəqiqə efir vaxtı təqdim olunmuşdu. Çox maraqlı format və maraqlı müsahibə idi.
İstəyirəm öncə sizə biraz müsahibəni keçirən jurnalist barədə danışım.
Dmitriy Kiselyov elə-belə adam deyil. Rusiya əhalisində "propaqandist" dedikdə adı Solovyov ilə bərabər səslənən insandır. İkisi də propaqanda vasitəçiləridir. Lakin bir vacib nyuans var. Solovyov aqressivliyi və ironiyası sayəsində məhşurlaşıb. Kiselyov isə çox güclü nitqə və məntiqə sahib bir peşəkardır. Solovyov yalnız savadsız birini öz fikirlərinə inandıra bildiyi halda, Kiselyov biliklərini bir şahmat oyunçusu kimi məharətlə düz-qoş edərək Rusiyada ən qəti müxalifətçini də bir neçə saat ərzində hakimiyyət tərəfdarına çevirə bilər. Yəni bu elə bir insandır ki, sevməsən də, nitqini dinləyəndə hadisələri bir-birinə qoşma bacarığını görəndə və sənin suallarını heç bir yalan ifadə vermədən cavablandıraraq səni onun fikirlərinə inandırmağı bacardığını gördükdə bu insana hörmətin artır. Mən bunu ən çox Kiselyovun bir neçə ay əvvəl Duda verdiyi müsahibəsində gördüm. Qısacası, Rusiya siyasi arenasında Solovyovnan eyni tərəfdə olmasına baxmayaraq, sən Solovyova sual verəndə o qışqırbağır edirsə, Kiselyova sual verəndə Kiselyov səni öz tərəfinə çəkməyi bacarır. (Əvvəllər Nevzorov da elə idi, lakin daha sonra o özü müxalifət tərəfə keçdi)
Kiselyov bu müsahibə üçün çox düzgün suallar seçib hər iki tərəfə ünvanlatmışdı. Prezidentimiz hər birinə tam dolğun və hərtərəfli cavab verib. Paşinyan isə həmişəki kimi söhbəti "ora-bura fırlatdı". Kiselyov hətta suallar arasında bir sualı israrla 2 dəfə təkrar etməsinə baxmayaraq Paşinyandan heç cür cavab ala bilmədi. Diqqət edin. Bu müsahibələr heç vaxt hazırlıqsız olmur. Jurnalistikanı bilənlər təsdiq edər ki, yüksək rütbəli insanlar müsahibəyə dəvət olunarkən mütləq şəkildə onlara sualların siyahısı öncədən təqdim olunur. Yəni, Paşinyan heç ev tapşırığını da edə bilməmişdi.
Prezidentimiz isə dolğun cavabları qısa müddətə sığdıra bildiyinə görə əlavə zaman qazandı. Kiselyov bu zamanı İlham Əliyevin şəxsi seçiminə buraxdı və Prezidentimiz bir neçə dəqiqə ərzində Rusiya əhalisinə səslənərək məsələni qısa şəkildə bütün məqamlarla və hətta tarixə istinad edərək izah etdi.
Məncə bu müsahibə və Prezidentimizin sondakı çıxışı Rusiya əhalisinə çox təsirli olub. Son həftə ərzində özünüz də görürsünüz ki, bizim tərəfi tutan Rusiyalıların sayı çox artdı və durmadan artır. Məncə təkanı yaradan və sürətləndirən əsas hadisələrdən ən vacibi məhz elə bu müsahibə və sondakı müraciət olub.
Həsənağa Azad.
P.S İstəsəniz qısaca müsahibəni və çıxışı tərcümə edib paylaşaram.