Brifinqdan çıxardığım nəticələr
10.10.2020
1. 72 saat söhbəti, daha öncə də deyim kimi, boş söhbətdir, bu rəqəm brifinqdə də səslənmədi, heç bir qanunda da belə bir rəqəm yoxdur. Hələ də əksini iddia edən varsa şərhə bu rəqəmin əks olunduğu konkret qaydaların linklərini yerləşdirsin.
2. Humanitar məqsədli atəşkəsi Ermənistan yalvarıb, Rusiya çağırış edib və biz danışıqlar masasında buna razılıq vermişik. Lakin bu bizə də lazımdır. Çünki digər ölkələr bizim sülhpərvər olduğumuzu, diplomatik olduğumuzu və bütün beynəlxalq qaydalara uyğun öz ərazimizdə müharibə apardığımıza bir daha əmin olmalıdır.
3.Hikmət Hacıyev dəfələrlə "spoiler" verdi və dedi ki, humanitar atəşkəs sülh demək deyil. Əlavə olaraq dəfələrlə qeyd etdi ki, bu atəşkəsin məqsədi ərazilərdən cəsədlərin və şəhidlərin götürülməsidir, Qarabağ uğrunda mübarizə davam etməkdədir. Azərbaycan öz ərazi bütövlüyünü diplomatik yol ilə də hərbi yol ilə də bərpa edə bilər.
4. Razılığın 4cü bəndini bir neçə sosial şəbəkə səhifəsi səhv tərcümə etmişdi. "Format" sözünü "proses" kimi tərcümə etmişdilər və yalnış anlaşılma yaranmışdı. Həmin səhifələrdə şərhlərdə dediklərim brifinqdə də təsdiq olundu. 4cü bəndin əsas mahiyyəti ondadır ki, Ermənistan bu danışıqlara Qondarma birləşmənin rəhbərini masaya oturdmaq istəyirdi, lakin 4cü bənd ilə bir daha özləri təsdiq etdilər ki, bu baş verə bilməz və danışıqlar yalnız Azərbaycan ilə Ermənistan arasında davam edə bilər.
5. Humanitar atəşkəsin elan olunmasına baxmayaq Ermənistanın Qarabağdakı silahlı qüvvələri hələ də hücumlara davam edir, bu isə o deməkdir ki, hərbi qarşıdurma faktiki olaraq hələ də davam edir. Lakin Ceyhun Bayramov bir neçə dəfə vurğuladı ki, atəşkəs üçün qeyd olunan vaxtdan hələ az keçib, irəliləyən zamanlarda vəziyyətin necə olmasına baxmalıyıq.
6. Müddət barədə atəşkəs bərpa olunandan sonra Qırmızı Xaç komitəsi məlumat verəcək. Lakin hələki atəşkəs yoxdur deyə komitə öz araşdırmalarını apara bilmir.
Həsənağa Azad